Xəbərlər 04.06.2025 11:57 78

Sağlamlığa Xidmət ictimai birliyinin direktoru vərəm üzrə regional görüşdə iştirak etdi - FOTOLAR

2025-ci ilin 27–29 may tarixlərində Moldovanın Kişinyov şəhərində “Vərəmlə mübarizə üzrə Milli Strateji Planın hazırlanmasının əsas prinsipləri və yanaşmaları” mövzusunda regional təlim keçirilib.

QHT.az xəbər verir ki, tədbir Vərəm üzrə Avropa Koalisiyası tərəfindən Qlobal Fondun maliyyə dəstəyi ilə təşkil olunub. Təlimdə Azərbaycan, Moldova və Ukraynadan olan nümayəndələr iştirak ediblər. Azərbaycandan “Sağlamlığa Xidmət” İctimai Birliyinin direktoru Elçin Muxtarlı, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin direktoru Çingiz Ramazanlı və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun əməkdaşı Afaq Hüseynova tədbirdə iştirak etdilər.

Təlimin əsas mövzuları:

- Vərəm üzrə Milli Strateji Planın (MSP) strukturu, məqsədləri və mərhələləri;

- İnsan mərkəzli yanaşma və epidemioloji məlumatların təhlili;

- Vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) MSP-də rolu və iştirak imkanları;

- İnsan hüquqları, gender bərabərliyi və stiqmanın azaldılması məsələlərinin inteqrasiyası;

- MSP-nin monitorinq və qiymətləndirmə metodologiyası;

- Çoxsektorlu cavab çərçivəsi və VCT-lərlə əməkdaşlıq mexanizmləri.

Tədbir zamanı Moldova, Ukrayna və Azərbaycanın Milli Vərəm Proqramlarının rəhbərləri çıxış edərək, ölkələrində MSP-nin icrası və üzləşdikləri əsas çətinliklər barədə məlumat veriblər. Eyni zamanda, ÜST/Avropa üzrə Regional Vərəm üzrə Müşavir Dr. Askar Yedilbayev Avropa regionu üzrə 2023–2030 TB Fəaliyyət Planının əsas tövsiyələrini təqdim edib. Moldova Milli Sığorta Şirkətindən Angela Cojocaru isə ölkədə vərəm xidmətləri üçün ictimai maliyyələşmə mexanizmləri haqqında təqdimatla çıxış edib.

Təlim çərçivəsində MSP üzrə fəaliyyət planları və yol xəritələri hazırlanıb. İştirakçılar həmçinin Moldova Milli Referens Laboratoriyasına və 1999-cu ildən fəaliyyət göstərən “AFI” Səhiyyə və İcma İnkişafı Mərkəzinə səfər edərək ölkənin təcrübəsi ilə yaxından tanış olublar. Tədbir müddəti ərzində böyük qürur hissilə Azərbaycan həqiqətləri iştirakçıların diqqətinə çatdırıldı,

Sağlamlığa Xidmət İctimai Birliyi olaraq hesab edirik ki, bu təlim iştirakçılar arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə yanaşı, ölkəmizdə vərəm üzrə daha effektiv və inklüziv strateji planlaşdırmaya töhfə verəcək.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı