Xəbərlər 02.06.2025 13:07 192

Lerikdə “COP29: Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsi üzrə tədbir keçirildi - FOTOLAR

Lerik rayonu füsunkar təbiəti, zümrüd meşələri ilə adı dillər əzbəri olan regionlarımızdandır. Qədim dövrlərdən başlayaraq bu günə kimi bura səyahətə gələnlər Lerik meşələrinin gözəlliyinə heyran qalaraq onu vəsf etmişlər.

QHT.az xəbər verir ki, “Mühit” Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP29: Yaşıl Gələcək Naminə Meşələri Qoruyaq” layihəsinin fəaliyyət proqramına uyğun olaraq Lerik rayonunda tədbir keçirmişdir. Birliyin sədri Əzizağa Hünbətəliyev layihənin mahiyyəti və əhəmiyyəti haqqında məlumat verərək, meşələrin qorunmasının həyati vacibliyini vurğuladı və bu işdə ictimai dəstəyin əvəzsiz rol oynadığını qeyd etdi. O, ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 sessiyasının bütün dünyada müsbət qarşılandığını bildirərək, Bakıda keçirilmiş konfransın gündəliyini və ölkəmizin bu məqsədlə üzərinə götürdüyü ekoloji öhdəlikləri iştirakçıların diqqətinə çatdırdı.

Tədbirdə iştirak edən Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin Mülki Müdafiəyə Hazırlıq Şöbəsinin rəis müavini Ramil Məcidov yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə zəruri tədbirlər və belə məqamlarda davranış qaydalarından danışdı. Adı çəkilən Nazirliyin maarifləndirmə sektorunun baş məsləhətçisi Qadir Kazımov meşə ərazisində fövqəladə hallar zamanı sistemli yanaşma və qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğuladı. Lerik rayon Piran kənd İcra nümayəndəsi Rizvan Əsədov kənd camaatı arasında zaman-zaman meşələrin qorunmasının zəruriliyi ilə bağlı fərdi və kollektiv söhbətlər aparıldığını qeyd etdi.

Layihənin eksperti, hüquqşünas Aydın Kərimov meşələrin qorunmasının həyati əhəmiyyətini xatırladaraq, bu məqsədlə ölkəmizdə və dünyada görülən işlərə istinad etdi və qanunsuz meşə istismarı və digər qanun pozuntuları zamanı Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini tədbir iştirakçılarının diqqətinə çatdırdı. İştirakçıların çoxsaylı sualları cavablandırıldıqdan sonra, onların iştirakı ilə Piran kəndinin Lənkəran-Lerik magistral yolunun kənarında və Zəriküməci-Hamarat kəndləri meşə ərazilərində yanğına həssas yerlərdə məlumatlandırıcı lövhələr quraşdırıldı.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı