Xəbərlər 26.05.2025 10:24 509

Afrika Günü münasibətilə Azərbaycanda ilk dəfə olaraq “Africa–Azerbaijan Cooperation” təşkilatı istehsalçılar və ixracatçılarla görüş keçirdi - FOTOLAR

25 may 2025-ci il tarixində dünyada geniş şəkildə qeyd olunan Afrika Günü münasibətilə, Azərbaycanda fəaliyyət göstərən “Africa–Azerbaijan Cooperation” təşkilatının təşəbbüsü ilə ilk dəfə ölkənin aparıcı istehsalçı və ixracatçı şirkətlərinin iştirakı ilə xüsusi görüş təşkil olunub.

Tədbirin keçirilməsində əsas tərəfdaş “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi olmuş, birliyin sədri və eyni zamanda Africa–Azerbaijan Cooperation təşkilatının QHT-lərlə İş Komissiyasının rəhbəri Zülfiyyə Nuriyeva tədbirin təşkilati dəstəyini təmin etmişdir. Görüşün açılışında bir sıra tanınmış ictimai təşkilat rəhbərləri də iştirak etmiş, təşkilatın fəaliyyətinə dəstək vermiş və öz dəyərli tövsiyələrini bölüşmüşlər.

Tədbirdə AFRICA–AZERBAIJAN COOPERATION təşkilatının təsisçisi və sədri Rəna Qəfərova çıxış edərək təşkilatın məqsədləri və gələcək planları haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, təşkilatın əsas məqsədi Azərbaycanın istehsalçı və ixracatçılarını bir araya gətirmək, Afrika bazarlarında araşdırmalar aparmaq və yerli məhsulların bu qitədə tanıdılmasına dəstək olmaqdır. Eyni zamanda Afrikadan Azərbaycana tələbələrin təhsilə cəlb edilməsi də təşkilatın strateji fəaliyyət istiqamətlərindəndir.

Görüş zamanı xüsusi olaraq qeyd olunub ki, Africa–Azerbaijan Cooperation təşkilatı Türkiyə Afrika Biznes Assosiasiyası (TABA) modelini əsas götürərək fəaliyyətini genişləndirəcək. Bu çərçivədə, 25–26 iyun 2025-ci il tarixlərində İstanbulda keçiriləcək “TABA AFEX Africa Business Forum & Expo” beynəlxalq tədbirində Azərbaycan tərəfdən sahibkarların iştirakı təmin olunacaq. Bu forum distribyutorluq, françayzinq və strateji tərəfdaşlıqlar üzrə əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından önəmli platforma hesab olunur.

Xüsusi olaraq vurğulanmalıdır ki, tədbirin fəxri qonağı – beynəlxalq ticarət sahəsində dərin biliyə malik olan və daim gənclərin, sahibkarların yanında olan hörmətli Turan Özbahçeci olmuşdur. Onun iştirakı görüşə xüsusi dəyər qatmış, regional iqtisadi əməkdaşlıq və mentorluq əhəmiyyətinə diqqət çəkmişdir.

Tədbir iştirakçıları qarşıdan gələn bu beynəlxalq forumda iştirakın vacibliyini vurğulamış, Afrika–Azərbaycan iqtisadi əməkdaşlığının yeni mərhələyə qədəm qoymasından məmnunluq ifadə etmişlər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı