Xəbərlər 13.05.2025 19:05 110

15 May – Beynəlxalq Ailə Günü: “Pak sevgimiz zamanın sınaqlarına dözdü”- QHT sədri

Beynəlxalq Ailə Günü münasibətilə “Qadın Təşəbbüsü və Sosial Problemlərinin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva ailə dəyərlərinin əhəmiyyətinə toxunaraq şəxsi ailə həyatından paylaşdığı unudulmaz xatirələrlə hər kəsə təmiz və səmimi sevgini arzulayıb.

QHT sədri 43 illik ailə həyatına nəzər salaraq bildirir ki, illər keçsə də, pak və səmimi hisslər yaddaşda elə canlı qalır ki, sanki dünən yaşanıb:

“1977-ci il idi. Mənim 20, onun isə 27 yaşı vardı. O günkü görüşümüz hələ də gözlərimin önündədir. Soruşuram ki, "ilk dəfə məni görəndə geyimim yadındadırmı?" Üzündə təbəssüm yaranır. "Əlbəttə," — deyir, "qırmızı ayaqqabıların və cins paltarın." Təsəvvür edin, o illərin içində bir qadının cins geyməsi nə demək idi. Amma görünür, insanın səmimiyyəti, içinin gözəlliyi paltardan da boylanırmış. Altı il bir-birimizi tanıyıb, sonra ailə qurduq. Həyat yolumuz heç də həmişə hamar olmadı. Bəzən həyat bizə özünün sərt üzünü göstərdi, bəzən bərkə-boşa çəkdi. Amma bütün sınaqlardan əlimizdən tutub, bir-birimizə dayaq olub keçdik. Budur, 43 illik ailə həyatımızı tamamlayırıq. Hələ də çiyin-çiyinə, hələ də bir-birimizi qoruyub saxlayırıq”.

Zenfira Mustafayeva sevgiyə sadəcə bir hiss kimi deyil, məsuliyyət və sədaqət kimi yanaşmağın vacibliyini qeyd edir: 

O illərin bir gözəlliyi vardı. Hisslər pak idi, insanlar mehriban və vicdanlı idi. Əxlaq və davranış normaları yüksək səviyyədə idi. Qadına, qıza qarşı qeyri-etik münasibət demək olar ki, yox idi. Bəlkə də bu səbəbdən o illərdə qurulan ailələr daha möhkəm olurdu, övladlar daha vəfalı və uğurlu böyüyürdü. Sevgi ilə şəhvəti ayırmaq vacibdir. Sevən insan pak olur, onun hissləri saf və ülvi olur. O, sevdiyini dəyərləndirir, qoruyur, ürəyində ona xüsusi yer ayırır. Sevgi — sadəcə hiss deyil, o bir məsuliyyətdir, sədaqətdir, mərhəmətdir. Bu günlərdə, sürətli həyat axarında bəlkə də belə sevgilər azalıb. Amma biz yaşadığımız o gözəl illərin qiymətini bilirik”.

O, Beynəlxalq Ailə Günü münasibətilə hər kəsə arzu edir ki, onların həyatında sevgi saf və əbədi olsun: “Bəzən keçmişi xatırlayanda o illərin pak duyğuları, səmimi baxışları, insanlar arasında olan doğmalıq üçün darıxıram. Arzum budur ki, bu saf duyğular hər bir ailədə yaşasın və davam etsin.”

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı