Xocalıda daha bir kütləvi məzarlıq aşkarlandı – QHT nümayəndələri hadisə yerində oldular
Xocalı rayonunun Əsgəran-Xocalı yolunun üzərində növbəti kütləvi məzarlıq aşkar edilib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli bildirib ki, məzarlıqda ilkin olaraq ən azı 7 şəhidə aid meyit qalıqları tapılıb. Onun sözlərinə görə, mütəxəssislərin rəyinə əsasən, tapılan qalıqlar mülki şəxslərə məxsusdur və onlar qeyri-ənənəvi şəkildə dəfn olunublar. Qalıqlarda işgəncə və zorakılıq əlamətləri aydın şəkildə müşahidə olunub. Aşkarlanan izlərə əsasən, kütləvi qətlə yetirilənlər arasında qadınların sayının daha çox olduğu ehtimal edilir.
Hadisə yerinə səfər edən Milli QHT Forumu İdarə Heyətinin üzvləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri dövlət qurumlarının təqdim etdiyi məlumatları yerindəcə dinləyiblər.
Zaur İbrahimli bildirib ki, bu, Xocalı ərazisində indiyədək aşkarlanmış üçüncü kütləvi məzarlıqdır. Bu məzarlıq da Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım, hərbi və insanlıq əleyhinə cinayətlərin növbəti sübutudur.
“Azərbaycan vətəndaş cəmiyyəti olaraq, Ermənistanın kütləvi məzarlıqların koordinatlarını açıqlamasını və bu cinayətləri törədənlərin məsuliyyətə cəlb olunaraq Azərbaycana təhvil verilməsini tələb edirik. Eyni zamanda beynəlxalq təşkilatları Ermənistana qarşı ölçü götürməyə, cavabdeh saxlanmasını və işğal dövründə viran qoyduğu 900-dən çox yaşayış məntəqəsinə görə təzminat verməsini tələb etməyə çağırırıq,” – deyə Zaur İbrahimli əlavə edib.
Pərvanə Fərhadqızı
QHT.az