Ailə Dəyərləri - Dayanıqlı gələcəyin əsası kimi - QHT sədri yazır
"Ümidli Gələcək" İctimai Birliyinin uzun illər qadın və uşaqların, o cümlədən ən həssas sosial qrupların hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilat olaraq, növbəti təşəbbüs çərçivəsində 2025-ci ildə Azərbaycanın paytaxtı və bölgə məktəblərində ailə münasibətlərinin möhkəmləndirilməsinə, zorakılığın qarşısının alınmasına və yeniyetmələrin psixoloji təhlükəsizliyi haqqında məlumatlılığın artırılmasına yönəlmiş tədbirlər silsiləsi keçirəcəkdir.
Beynəlxalq statistikanın narahatedici mənzərəsi fonunda hesab edirəm ki, ailənin dəyəri haqqında danışmaq olduqca vacibdir – xüsusilə də Konstitusiya və Suverenlik ilində.
Son illər bütün dünyada yeniyetmələr, xüsusilə də qızlar arasında ailəsini tərk etmə hallarının artması müşahidə olunur. Doğrudan da, beynəlxalq statistika göstərir ki, getdikcə daha çox yeniyetmə evdən qaçır. Bunun səbəbləri çox zaman ailədə etibarlı dialoqun olmaması, valideynlərin emosional uzaqlaşması, təzyiq və ya hətta zorakılıqla bağlı olur.
Bu isə xüsusilə qızlar arasında erkən və planlaşdırılmamış hamiləlik, insan alverinə cəlb olunma, seksual istismar, psixoloji travma kimi faciəli nəticələrə gətirib çıxarır. Təəssüf ki, bu hallar müxtəlif ölkələrə toxunmaqla, bizim regionda da baş verir.
Mən düşünürəm ki, ailə dəyərlərinin möhkəmləndirilməsi vəziyyəti dəyişə bilər. Ailə – uşağın etimad, sevgi, özünə və başqalarına hörmət öyrəndiyi ilk və ən vacib sosial mühitdir. Bu əsaslar qoyulmadıqda, yeniyetmə xarici təhdidlər qarşısında həssas olur.
Anlamaq vacibdir ki, profilaktikanı faciə baş verdikdən sonra yox, məktəbdən sonra axşam uşağımızla söhbət etdiyimiz anda başlayır.
2025-ci il Azərbaycanda Konstitusiya və Suverenlik ili elan olunub. Konstitusiya – təkcə qanunlar toplusu deyil, o, cəmiyyətin dəyərlər sisteminin əksidir. Suverenlik isə daxili dayanıqlıq olmadan, sağlam və güclü ailələrsiz mümkün deyil.
Elə bu il biz ailə tərbiyəsi, qadına hörmət, atanın rolu, nəsillərarası etimad mövzularını daha çox gündəmə gətirməliyik. Bu məktəb görüşləri, valideyn klubları, media layihələr, açıq söhbətlər ola bilər. Nə qədər çox danışsaq, çətinliklə qarşılaşan uşaq qaçmaq əvəzinə kömək istəməyə bir o qədər çox hazır olar.
Valideynlərə ən əsas tövsiyə isə– uşaqlarınızı qulağınızla deyil, qəlbinizlə dinləyin. Zəifliyinizi göstərməkdən qorxmayın, mükəmməl görünməyə çalışmayın – sadəcə gerçək olun. Yeniyetmə sərtliyə görə yox, soyuqluğa görə evdən gedir. Və əksinə – evdə, səhv etsə belə, seviləcəyini hiss etsə, qalacaq.
Ailə – sadəcə bir dam deyil, təhlükəsizlik məkanıdır. Və yalnız biz – böyüklər – bu mühiti yarada bilərik.
Kəmalə Aşumova
Ümidli Gələcək ST İB-nin icraçı direktoru, “Azərbaycan Uşaq və Qadın Qaynar Xətt” xidmətlərinin rəhbəri