Xəbərlər 01.04.2025 07:57 198

Qadınlar və uşaqlar üçün qaynar xətlər: Problemin həlli, yoxsa sadəcə bir hype-şou?

Eksklüziv müsahibəmizdə "ÜMİDLİ GƏLƏCƏK" Sosial Təşəbbüslər İctimai Birliyinin direktoru Kəmalə Aşumova ilə qadınlar və uşaqlar üçün fəaliyyət göstərən qaynar xətlərin real işindən danışırıq.

Artıq 15 ildir ki, bu xətlər Azərbaycanda həyatların xilas edilməsinə kömək edir. Kəmalə xanım təcrübəsini bölüşərək həll yollarına fokuslanmağın şou yaratmaqdan daha vacib olması və real dəstəyin insan talelərini dəyişməsinə yönəldir. Söhbətimizdə biz kömək və böhranlarla mübarizə üçün real yolları göstəririk, eləcə də zorakılıq problemləri ətrafında yaranan media ajiotajı tendensiyasına toxunuruq.

Problemin həlli – əsas prioritet

— Sizin "ÜMİDLİ GƏLƏCƏK" təşkilatınız artıq 26 ildən çoxdur fəaliyyət göstərir və qadınlar və uşaqlar üçün qaynar xətlərin fasiləsiz fəaliyyətini təmin edir. Sizcə, problemləri işıqlandırmaqla yanaşı, real həll yollarını təqdim etmək nə üçün bu qədər vacibdir?

— Bizim işimizdə əsas məqsəd problemi sadəcə nümayiş etdirmək yox, onu həll etməkdir. Bir problem sadəcə sensasiya naminə ictimaiyyətə təqdim olunanda, əksər hallarda insanlar hara müraciət etməli olduqlarını, kömək axtarmağın yollarını və vəziyyəti yaxşılaşdırmaq üçün nə edilə biləcəyini unudurlar. Biz yalnız zorakılıq və ya böhran vəziyyətlərini qeydə almaqla kifayətlənmirik, eyni zamanda ehtiyacı olan insanlara operativ psixoloji, sosial və hüquqi dəstək veririk.

Media şousu və real yardım

— Bəzi blogerlər və media qurumları sensasiyalı hekayələrə diqqət yetirirlər – məsələn, Ağcabədidə 13 yaşlı qızın hamilə qalması və uşaq dünyaya gətirməsi ilə bağlı hadisə. Bu yanaşma haqqında nə düşünürsünüz?

— Belə yanaşmalar çox vaxt problemlərin həlli üçün deyil, sadəcə "şou" “hype-xayp” yaratmaq üçün istifadə olunur. Şübhəsiz ki, bu, diqqət çəkir, lakin təəssüf ki, nadir hallarda real çıxış yollarının tapılmasına kömək edir. Bizim üçün əsas məsələ, insanları narahat edən problemlərdən danışmaqla yanaşı, həll yollarını da göstərməkdir: haraya müraciət etmək olar, hansı resurslar mövcuddur və atıla biləcək addımlar hansılardır. Biz sistemli həll yolları üzərində işləməyi üstün tuturuq, təkcə media üçün "kontent" yaratmırıq.

Mediada şəxsi məşhurluq istəyi və real iş

— Günümüzdə hər kəs sanki insanlara həqiqi kömək etmək əvəzinə, şəxsi ad qazanmağa çalışır. Sizcə, bu niyə baş verir və təşkilatınız bu məsələyə necə yanaşır?

— Təəssüf ki, media ve sosial platformalar sahəsində şəxsi məşhurluq istəyi çox geniş yayılıb. Lakin bizim missiyamız həmişə insanlara real dəstək vermək olub və olacaq. Biz sadəcə alqış üçün işləmirik – bizim əsas məqsədimiz çətin vəziyyətə düşən insanların həyatını dəyişməkdir. Bizim qaynar xəttimiz reklam deyil, real yardım vasitəsidir və burada hər bir zəngin önəmi var. Biz inanırıq ki, əsl uğurun göstəricisi– xilas edilmiş həyatların və yaxşılaşdırılmış sosial rifahın sayıdır.

İllər ərzində görülən işlərin nəticələri

— İllər ərzində qadınlar və uşaqlar üçün qaynar xətlərin əsas nəticələri nələrdir?

— Fəaliyyətimiz ərzində qaynar xətlər vasitəsilə 76 000 böhran vəziyyətinin həlli təmin olunub (27 mart 2024-cü il tarixinə olan məlumata əsasən), psixoloji və hüquqi dəstək göstərilib, uzunmüddətli sosial reabilitasiyaya yardım edilib. Biz sadəcə problemi qeydə almırıq – insanlara konkret tövsiyələr veririk, onları ixtisaslaşmış mərkəzlərə yönləndiririk, hüquqi məsələlərin həlline kömək edirik və ən əsası, hətta ən çətin vəziyyətlərdə belə çıxış yolunun olduğunu göstəririk. Ümid edirəm ki, dövlət qurumları və digər ölkələrdən olan həmkarlarla əməkdaşlığımız davam edəcək və cəmiyyət yalnız sensasiyalı hekayələrə deyil, real praktiki yardıma daha çox dəyər verəcək. Çünki həqiqi həll yollu -insanın həyatının dəyişməsidir. Hər kəs zorakılıqla mübarizəyə və qadınların, uşaqların hüquqlarının qorunmasına öz töhfəsini verə bilər. Ən vacibi – bilməlisiniz ki, yardım mövcuddur. Əgər siz və ya yaxınlarınız çətin vəziyyətə düşübsə, 116111 qaynar xəttinə zəng edin.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı