QHT-lər Azərbaycan gənclərinin inkişafında necə bir rol oynayır? AÇIQLAMA
Demokratik Azərbaycan Naminə gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud QHT.az-a verdiyi açıqlamasında gənclərin büten sahələr üzrə maarifləndirilməsi və inkişafında qeyri-hökumət təşkilatlarının əvəzsiz rolundan bəhs edib. E. Behbud Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ölkədə həyata keçirilən gənclər siyasətinin nəticələrini və əhəmiyyətini vurğulayıb:
"Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən indiyədək keçdiyimiz yolu nəzərdən keçirdikdə, bir çox məsələləri çox rahatlıqla analiz edə bilirik. Azərbaycanda dövlət gənclər siyasətini həyata keçirən Gənclər və İdman Nazirliyi ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra yaradılan ilk nazirlikdir. Yalnız bu fakt ulu öndərin Azərbaycan dövlətçiliyi üçün gənclərin nə qədər mühüm önəmə sahib olduğunu, gəncliyə nə qədər böyük qiymət verdiyini bir daha Azərbaycan ictimaiyyətinin diqqətinə çatdırmasının və gənclərin inkişafı üçün necə mühüm, sağlam özüllər qoymasının göstəricisidir."
Elməddin Behbud qeyd edib ki, Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaradılan Gənclər və İdman Nazirliyi gənclərin hərtərəfli inkişafı, onların cəmiyyət və dövlətin həyatındakı rolunun artırılması üçün möhkəm təməllərin qoyulması məqsədilə atılan ilk addımlardan biri olub. E.Behbud Azərbaycanın gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatlarının əsas tərəfdaş qurum olduğunu və ümumi inkişafında müstəsna rol oynadığını bildirib.
"Gənclərin bütün sahələr üzrə maarifləndirilməsi, zərərli vərdişlərdən çəkindirilməsi, təhsil pillərində uğur qazanmları, sosial və iqtisadi sahələrdə fəallığının gücləndirilməsi kimi məsələlərdə QHT-lər, xüsusən də gənclər təşkilatları böyük rol oynayıb," - deyə Elməddin Behbud vurğulayıb. O, eyni zamanda qeyri-hökumət təşkilatlarının gənclərin özlərini ifadə etmələri, xalqımızın milli maraqlarını müdafiə etməsi və beynəlxalq tribunalarda çıxış etmələri üçün imkanlar yaratdıqlarını qeyd edib:
"DANİB bu il artıq 24 ildir fəaliyyət göstərən bir təşkilatdır. Biz hər zaman görmüşük ki, həm paytaxtda, həm də regionlarda parlaq gənclərin istedadının aşkara çıxarılmasında, cəmiyyətin onları qazanamasında gənclər təşkilatlarının fəaliyyətinin önəmli rolu olub. Biz müxtəlif mövzularda seminarlar, dəyirmi masalar, təlimlər və s. keçirirdik və bu zaman regionlardan da gənclər seçirdik. Sonrakı müddətdə təşkilat olaraq həmin gənclərlə təmasları, əməkdaşlığı davsm etdirirdik. Bizim və digər fəal gənclər təşkilatlarının davamlı fəaliyyətinin nəticəsi olaraq üç il, beş il sonra görürdük ki, o gənclər yüksəliş müsabiqəsindədir, yaxud görürdük ki, artıq xarici ali məktəblərdən səsləri gəlir, yaxud buradakı dövlət qurumlarında çalışırlar, yaxud özləri artıq tam müstəqil şəkildə yeni bir qeyri-hökumət təşkilatının əsasını qoyublar və sair və ilaxır. Yəni hər zaman onları uğur qazanmağa təşviq edirik, bacardığımız qədər dəstək oluruq. Bu mənada qeyri-hökumət təşkilatlarının gənclərin maarifləndirilməsi və inkişafında əhəmiyyətli rolu var. Çünki onlar qeyri-hökumət təşkilatları, alternativ ictimai təşəbbüslərlə çıxış edən mühüm ictimai institutlardır və hər zaman QHT-lər maneəsiz şəkildə, hansısa protokol olmadan gəncləri dinləyirlər, onların ehtiyaclarını öyrənirlər və mümkün dairədə imkanları çərçivəsində onların ictimai ehtiyaclarının qarşılanmasına çalışırlar".
DANİB sədri 2024-cü ildə həyata keçirilən layihələrə də toxunub. O, postmüharibə dövründə Azərbaycanın gənclərinin ideoloji təhdidlərlə qarşı daha güclü şəkildə mübarizə aparmasına yönəldilən layihələrinin uğurlu olduğunu, eyni zamanda regionlarda ekoloji maarifləndirmə mövzusunda həyata keçirdikləri tədbirlərdə də gənclərlə fəal şəkildə əlaqələr qurduqlarını bildirib. 2025-ci ildə də gənclərin ideoloji maarifləndirilməsi və onların ictimai ehtiyaclarının qarşılanması istiqamətində yeni layihələrin həyata keçiriləcəyini bildirən Elməddin Behbud, gənclərin inkişafını töhfə vermək məqsədilə ölkə daxilində və beynəlxalq səviyyədə müvafiq fəaliyyətləri davam etdirəcəklərini qeyd edib:
"İnanıram ki, prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətinin əsas tərəfdaşı olan qeyri-hökumət təşkilatları, xüsusilə də gənclər təşkilatları Azərbaycanın gənclərinin daha güclü, yüksək intellektli, vətəninə, xalqına, dövlətinə ürəkdən bağlı olan müstəqil şəxsiyyətlər kimi yetişmələrinə müsbət töhfələr göstərməkdə davam edəcəklər".
Pərvanə Fərhadqızı
QHT.az