"Maaş artımı rəqabət mühitini təkmilləşdirən əsas amillərdən biridir" - Elşad Məmmədov
İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a özəl açıqlamasında minimum əməkhaqqının artırılmasının özəl sektor şirkətlərinə və əmək bazarına təsirləri barədə fikirlərini bölüşüb. O, qeyd edib ki, özəl sektorda maaşların artırılması vacibdir və bu, həm işçilərin motivasiyasına, həm də işəgötürənlərin fəaliyyətinə müsbət təsir göstərəcək.
Professor bildirib ki, özəl sektorda əməkhaqlarının artmaması işçilərin əməyə motivasiyasını zəiflədə bilər ki, bu da işəgötürənlərin problemlərini daha da ağırlaşdıra bilər:
"Buna görə də, özəl sektorda maaşların artırılması zəruridir. Özəl sektorda maaşların artırılması əmək bazarında rəqabətə müsbət təsir göstərməlidir. Çünki son nəticədə maaşların, əmək haqlarının artımı daha hazırlıqlı mütəxəssislərin bazarda olmasına təkan verməlidir. Bu da inkişafa və rəqabət mühitinin təkmilləşdirilməsinə müsbət təsir göstərən amillərdən biri kimi olmalıdır".
Pərvanə Fərhadqızı