Xəbərlər 03.11.2024 14:17 1496

Dərman baha, ölüm “ucuz”

Bir həkimin ilk əmri: “İlk öncə zərər vermə!”

 

Hamı qaçır şəhərə. Fəhlə, mühəndis, həkim... Hərə bir bəhanə ilə. Kimi iş tapmağa, kimi gəlirini artırmağa, kimi də həyatını “elit” qurmağa. Guya kənd-kəsək darıxdırıcı, şərait yoxdur...
Azarlayan da paytaxta üz tutur. Dindirəndə də deyir: “Bizdə hər cür aparat olsa da, başı çıxan azdır. Təcrübəli həkimlər, professorlar şəhərdədir. Bir də ki, müayinə-müalicə, aparatlar icbari sığorta hesabına havayıdır deyibən, dövlət xəstəxanalarındakı həkimlər xəstəyə başdansovdu yanaşırlar. Özəllərdə də pula görə gərəksiz analizlərə göndərilirsən ...”
Hələ deyiləsi, yazılası çox mətləblər var. Nə isə...
Qəribədir. Bəzəkli qutularda, gözəl qablaşdırılmış, üstü qalaqrammalı “firmenni” dərmanlar bahalaşdıqca və bu dərmanlar bəzi həkimlərin (istər özəl, istərsə də dövlət xəstəxanalarında) ilan-qurbağa xətti ilə binəva naxoşlar üçün yazdığı reseptlərə “düşdükcə” ölüm günü-gündən “ucuzlaşır”. Özü də elmin, texnikanın bu tərəqqisində – hər cür şəraitli möhtəşəm tibb ocaqlarının, Avropa təhsilli doktorların bu bolluğunda...
Naçar qalan kasıb da ata-babadan eşidib bildiyi müalicədən – ya türkəçarədən, ya da “el həkimi”nin “resept”indən şəfa tapanda sevinər, əcəl çatanda isə...
Başa düşürük, həkimlik çətin və məsuliyyətlidir. Yuxarıda sadaladığımız ali məqsədi gerçəkləşdirmək də asan deyil. Bir də ki, eramızdan üç min il əvvəl bir yunan həkiminə söz verən kollegaları da qınamalı deyil axı. Hippokrat andında deyildiyi kimi, onlar da öhdəliklərinə güc və dərrakələri çatdığı qədər əməl edirlər.
Hippokrata yox, sizi and verirəm vicdanınıza, atanızın, istədiklərinizin canına, həyatımızı, sabahımızı sizə həvalə etmişik, ey şərəfli, müqəddəs peşə sahibləri, bizi yarı yolda qoymayın! 

 

         Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı