Səssiz ölüm: Azərbaycanın mina reallığı və insan hüquqları
Müharibələr bəzən susur, amma nəticələri səssizcə danışmağa davam edir. Azərbaycan üçün 2020-ci ildə başa çatan Vətən müharibəsi yeni səhifə açdı – torpaqlar azad olundu, ərazi bütövlüyü bərpa edildi, haqlı olan qalib gəldi. Lakin bu qələbənin arxasında görünməyən, hiss olunmayan, ancaq hər an can alan təhlükə qaldı: minalar. Müharibənin səngiməsi ilə başlayan "bərpa və qayıdış dövrü" əslində başqa savaşın içində açıldı – bu dəfə görünməyən düşmənlə: səssiz ölüm saçan partlayıcılarla.
Bəzən kəndin girişində, bəzən məktəb binasının həyətində, bəzən də su arxının kənarında gizlənən bu minalar təkcə bir həyatı yox etmir – bütün ailənin taleyini dəyişir, gələcəyə olan ümidləri məhv edir. İnsanlar azad olunmuş doğma yurdlarına ayaq basmaqdan çəkinir, çünki o torpaqlarda hələ də müharibə gizlənir. Hər partlayış təkcə fiziki yox, həm də psixoloji sarsıntıdır: “bəlkə növbəti qurban mən olaram” qorxusu, bu torpaqlarda hər kəsin içində yaşadığı səssiz təşvişdir.
Bu səssiz müharibə beynəlxalq hüququn, insan hüquqlarının və vicdanın sınağıdır. Bir zamanlar səngərdə düşmənə qarşı qurulan bu tələlər, bu gün qadına, uşağa, mülki insanlara qarşı yönəlmiş ölüm tələlərinə çevrilib. Belə bir vəziyyətdə “müharibə bitdi” demək yalnız siyasi ifadədir. Çünki real həyatda, ölüm hələ də torpağın altından çıxır.
SƏSSİZ, ANCAQ DAVAMLI QƏTLİAM ALƏTİ
Müasir dövrün ən qəddar silahlarından biri – mina – bir əsgərin əlində deyil, torpağın altında gizlənərək öldürür. O, hədəf seçmir, fərq qoymur, günah tanımır. Uşaq da ola bilər, kənd təsərrüfatı ilə məşğul olan ata da, aidiyyəti qurumun əməkdaşı da... Bu partlayıcılar ölümünü planlaşdırdığımız düşmənin yox, qayıtmaq üçün illərlə həsrət çəkdiyimiz doğma yurdun öz qucağına qayıdan insanın qarşısında partlayır.
Minalar, xüsusilə Ermənistanın işğal dövründə yerləşdirdiyi tələ tipli qurğular, sadəcə texniki maneə deyil – bu, açıq şəkildə mülki insanlara qarşı yönəlmiş terror aktıdır. Onun hədəfi əkin sahəsini bərpa etmək istəyən fermerin traktoru, övladına məktəb göstərmək istəyən atanın ayağı, çadırla ilk gecəni torpağında keçirmək istəyən ailənin həyatı ola bilər.
Statistika bəlkə də soyuq görünə bilər, amma onun arxasında qaynayan qana, yıxılan talelərə, paralanmış bədənlərə baxdıqda bu rəqəmlər də donur. 2020-ci ildən bu günə qədər azad edilmiş ərazilərdə 400-ə yaxın insan mina partlayışlarının qurbanı olub. Onlardan bəziləri dərhal həyatını itirib, digərləri isə ömürlük əlilliklə yaşamağa məhkum olunub. Ən acınacaqlısı isə odur ki, bu ölümlərin əksəriyyəti müharibənin bitdiyini düşünərək ümidlə torpağına qayıdan insanlar arasında baş verib.
Beynəlxalq Hüquq və Azərbaycan Reallıqları
Beynəlxalq hüquq normalarına əsasən, münaqişə bitdikdən sonra mina sahələrinin təmizlənməsi, mina xəritələrinin təqdim olunması və mülki əhalinin təhlükəsizliyinin təmin olunması mütləqdir. Lakin reallıq tam fərqlidir: Ermənistan nəinki minalanmış ərazilərin tam xəritəsini təqdim edir, əksinə, qəsdən dezinformasiya və gizlətmə yolu ilə bu prosesi ləngidir, insan həyatını siyasi təzyiq alətinə çevirir.
Bu, sadəcə hüquq pozuntusu deyil – bu, insan hüquqlarının açıq şəkildə və davamlı şəkildə tapdanmasıdır. İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 3-cü maddəsi hər bir şəxsin “yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq” hüququnu tanıyır. Ancaq mina sahələrinin gizli qalması, sanki insanların bu hüquqlarını kağız üzərində dondurur, reallıqdan silir.
Ən təəssüf doğuran məqam isə beynəlxalq ictimaiyyətin bu məsələyə münasibətdə nümayiş etdirdiyi ikili standartlardır. Münaqişə zonalarında insan haqlarının müdafiəsi adı ilə aktiv olan bəzi təşkilatlar, Qarabağdakı mina fəlakətinə gəlincə sanki səssiz bir müşahidəçiyə çevrilirlər.
Beynəlxalq ictimaiyyətin susqunluğu, bu səssiz ölümün davam etməsinə birbaşa və dolayı dəstəkdir. Hüququn susduğu yerdə, ədalət torpağın altında partlayır.
Umud Mirzəyev
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti