Xəbərlər 25.09.2024 16:16 1513

Ermənistan sülh istəyirsə, süni maneələr yaratmağı dayandırmalıdır - ŞƏRH

Prezident İlham Əliyev cari ilin 23 sentyabr tarixində VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında proqram xarakterli çıxışında Ermənistanın sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət məsələsinə toxundu. Vaxt uzatma taktikası və digər məqamlar bizə deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensialını yenidən gücləndirərək Azərbaycana qarşı yeni müharibəyə başlamağı hədəfləyib.

QHT.az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında deputat Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində səmimi olmadığını göstərən bir sıra əsaslı səbəblər var:

"Hazırda Ermənistanla Azərbaycan arasında de-fakto sülh mövcuddur. Belə ki, şərti sərhəddə atışmalar yoxdur, hərbi toqquşmalar baş vermir. Baxmayaraq ki, üçüncü tərəflər şərti sərhədin Ermənistan hissəsində kəşfiyyat missiyaları yerləşdirərək, təxribat-pozuculuq fəaliyyətini təşviq edirlər. Həmçinin, Fransa, Hindistan kimi ölkələr Ermənistanı silahlandırmağa davam edir. Azərbaycan isə bu proseslərə soyuqqanlı yanaşır və hər hansı təxribata getmir. Bu, Azərbaycanın regionda uzunmüddətli sabitlik və sülh istəyinin bir göstəricisidir.

Sülh müqaviləsi imzalanmasının ən əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü sözlə deyil, əməldə tanımasıdır. Bunun üçün Ermənistan ilk növbədə öz Konstitusiyasına və digər hüquqi-siyasi sənədlərinə düzəliş etməlidir.

Ermənistan Konstitusiyası açıq şəkildə “Ermənistan və Dağlıq Qarabağın birləşməsi” çağırışını ehtiva edir və bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların hələ də mövcud olduğunu göstərir. Əgər Ermənistan səmimi şəkildə sülh müqaviləsi imzalamaq istəyirsə, bu cür maddələri öz qanunvericiliyindən çıxarmalıdır. Əks təqdirdə, Ermənistanın Konstitusiya Məhkəməsi sülh müqaviləsini qeyri-qanuni adlandıraraq onun təsdiq edilməsindən istənilən vaxt imtina edə bilər.

Həmçinin, Paşinyandan sonra hakimiyyətə gələcək hər hansı bir siyasi qüvvə ölkə Konstitusiyasına istinad edərək bu müqavilədən rahat şəkildə vaz keçə bilər. Bunun əksinə olaraq, Azərbaycanın Konstitusiyasında Ermənistana qarşı hər hansı ərazi iddiası yoxdur və bu da Azərbaycanın hüquqi mövqeyinin daha sabit və sülhpərvər olduğunu göstərir".

O qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan 30 il ərzində işğala məruz qalıb, bu dövrdə xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib:

"Minlərlə azərbaycanlı itkin düşüb, çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədilib. Xüsusilə Ermənistan tərəfindən itkin düşmüş 4 minə yaxın azərbaycanlı kütləvi məzarlıqlarda basdırılıb. Buna baxmayaraq, Ermənistan bu məzarlıqların yerini açıqlamaqdan imtina edir. Eyni zamanda, işğal dövründə azərbaycanlı mülki vətəndaşlar mina terrorunun qurbanı olub, Vətən müharibəsindən sonra belə, 374 nəfər mina partlayışının qurbanı olub. Ermənistan isə nə mina xəritələrini, nə də kütləvi məzarlıqların yerini təqdim etməklə səmimi sülh niyyətini nümayiş etdirmir. Bu davranış müharibənin real nəticələrinin hələ də davam etdiyini və Ermənistanın məsuliyyətdən qaçmaq istədiyini göstərir.

Ermənistan, Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə və 1 milyondan çox insanı qaçqın və məcburi köçkün vəziyyətində saxlamasına baxmayaraq, üzr istəmək və kompensasiya ödəmək yerinə, əksinə ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialar qaldırmaz və xalqımıza qarşı törətdiyi cinayətlərə görə üzr istəyərdi. Əsl sülhə nail olmaq istəyən dövlət, bağışlanma yolu ilə əlaqələri normallaşdırmağa çalışardı".

"Ermənistan münaqişənin bitdiyini iddia etsə də, münaqişənin həllində uğursuzluğa düçar olmuş Minsk Qrupunun fəaliyyətini yenidən dirçəltmək üçün ciddi səylər göstərir. Minsk Qrupu BMT-nin ona verdiyi mandatı yerinə yetirə bilmədi və nəticədə Azərbaycan öz gücü ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi.

Əgər Ermənistan səmimi şəkildə sülh istəyirsə, müharibənin qalığı olan Minsk Qrupunun yenidən işə salınması üçün bu qədər cəhd göstərməzdi. Əsl sülhə nail olmaq istəyən dövlət, ATƏT, Avropa Şurası və Frankafoniya Təşkilatı kimi beynəlxalq platformalardan istifadə edərək qonşusuna qarşı aqressiv böhtan və təxribat xarakterli ritorikalar aparmazdı. Ermənistan bu platformalarda Azərbaycana qarşı mənfi təbliğatı davam etdirməkdədir ki, bu da onun sülh niyyətlərinin səmimiliyinə şübhə yaradır.

Bütün bu faktlar Ermənistanın sülh prosesində səmimi olmadığını və hərəkətlərinin müharibənin nəticələrini aradan qaldırmağa yönəlmədiyini sübut edir. Ermənistan həqiqətən sülh istəyirsə, süni maneələr yaratmağı dayandırmalı və konstruktiv addımlar atmalıdır. Ermənistanın gələcəyinin tək yolu qonşularla, xüsusilə Azərbaycanla münasibətlərin səviyyəsindən asılı olaraq qalmaqda davam edəcək", - deputat əlavə edib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı