Xəbərlər 27.06.2024 01:52 1334

Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri davam etdirilir - FOTOLAR

05-20 iyun 2024-cü il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə mühazirə dərsləri keçirilib.

QHT.az xəbər verir ki, müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin Şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Şabanov “Kompüter informasiyası sahəsində törədilən cinayətlərin araşdırma metodikası”, Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Ramin Əhədov “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin araşdırılma metodikası”, Milli Aviasiya Akademiyasının “Hüquq və İqtisadiyyat” fakültəsinin “Hüquq” kafedrasının müdiri, h.ü.f.d. Sahil Hüseynov “Yerli özünüidarəetmə sistemi”, Hüquq və İnsan Haqları İnstitutunun Hüquqi tədqiqat şöbəsinin müdiri, h.ü.f.d, dosent Gülnaz Ələsgərova və həmin şöbənin hüquqi tədqiqatçısı Araz Abdullasoy “İnsan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının əsasları” mövzuları üzrə mühazirələr oxuyublar.

Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara müasir dövrdə dünyada və ölkəmizdə yerli özünüidarəetmənin anlayışı, nəzəri və hüquqi əsasları, Azərbaycan Respublikasında bələdiyyələrin statusu, işinin təşkili və müstəqilliyinin təminatı, insan hüquqlarının məhdudlaşdırılmasının beynəlxalq standartlarda təsbit olunmuş müddəalarına və onların Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində tətbiqi məsələləri, şikayətlərə baxılarkən tətbiq edilən “mütənasiblik testi” və digər mövzular haqqında slayd və video materiallardan istifadə edilərək ətraflı məlumatlar verilib.

Mütəxəssislərin iştirakı ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı