Xəbərlər 02.07.2024 11:23 1302

Yetkinlik Dövründə Valideyn-Övlad Münasibətləri- psixo-pedoqoq Nuranə Hüseynovanın fikirləri

Valideynlər övladlarına yetkinlik dövrlərində necə yanaşmalı və onlarla necə anlaşmalıdır? Nur Psixologiya Mərkəzinin rəhbəri psixo-pedoqoq Nuranə Hüseynova bu mövzuya toxunaraq açıqlama verdi. Yetkinlik dövrü, övladlarımızın fiziki, emosional və psixoloji dəyişikliklər yaşadığı bir mərhələdir. Bu dövrdə valideynlərin rolu böyük əhəmiyyət daşıyır.

QHT.az xəbər verir ki, psixo-pedoqoq Nuranə Hüseynova valideynlərin bu mərhələdə övladlarına necə yanaşmalı olduqlarını və onlarla necə dost olaraq bu dövrü uğurlu şəkildə keçəcəkləri barədə vacib məqamları izah edir: “Yetkinlik dövrü, təxminən 12-18 yaş arası dövrü əhatə edir və bu müddətdə gənclər həm fiziki, həm də emosional olaraq sürətlə dəyişir. Hormonların təsiri ilə yeniyetmələrdə əhval dəyişiklikləri, özünü tanıma prosesi və müstəqillik axtarışı ön plana çıxır. Bu dəyişikliklər, valideynlər üçün çətin, lakin eyni zamanda vacib bir dövrü təşkil edir”. Bu dövrdə valideynlərin gedən prosesi çətinləşdirmədən özlərini səbirli şəkildə ifadə etmələri çox önəmlidir.

Nuranə Hüseynova həmçinin vurğulayır ki, bu dövrdə valideynlərin ən vacib rolu empati göstərmək və uşaqlarını diqqətlə dinləməkdir: “Yeniyetmələr özlərini anlaşılmaz hiss edə bilər və onların duyğularını başa düşmək və onlara dəstək olmaq üçün valideynlərin empati qabiliyyəti çox önəmlidir. Yeniyetmələrə açıq və səmimi ünsiyyət mühiti yaratmaq çox vacibdir. Valideynlər övladları ilə sərbəst şəkildə danışmalı, onların fikirlərini dinləməli və onların suallarına açıq şəkildə cavab verməlidir. Bu, uşaqların öz duyğularını və düşüncələrini ifadə etmələrinə kömək edəcəkdir”.

Psixoloq qeyd edir ki, yetkinlik dövründə qaydalar və sərhədlərin müəyyən edilməsi də vacibdir. Valideynlər bəzən uşaqlarına müəyyən sərhədlər qoyur və onların bu sərhədlərə əməl etməsini istəyir. Lakin bu sərhədlərin məntiqli və ədalətli olduğunu valideyn öz övladına səbrli şəkildə izah etməlidir: “Sərhədlər uşaqların təhlükəsizliyini təmin etmək və onlara məsuliyyət hissi aşılamaq üçün vacibdir. Bir çox hallarda görürük ki, yeniyetmələr müstəqillik axtarışında olur. Bu da əksər hallarda valideynlərlə onlar arasında yaşanan problemin bir başlanğıcı olur. Bu kimi müşahidələrdə valideynlər ziddiyyətləri nəzərə alaraq uşaqların bu ehtiyacını qəbul etməli və dəstəkləməlidir. Uşaqların öz qərarlarını vermələrinə və nəticələrini yaşamalarına imkan vermək, onların özünə inamını və məsuliyyət hissini artırır. Valideynlər öz davranışları ilə övladlarına pozitiv nümunə olmalıdır. Çünki uşaqlar öz valideynlərinin davranışlarını müşahidə edərək öyrənir və onlara bənzəməyə çalışırlar. Bu səbəbdən valideynlər dürüstlük, hörmət və məsuliyyət kimi dəyərləri öz davranışlarında nümayiş etdirməlidir”.

Yetkinlik dövrü uşaqlarımızın həyatında çox böyük rol oynadığı üçün valideynlər bu dövrü təmkinlə, qayğıyla onlara yanaşmalı və onların yanında olduqlarının güvənini verməlidirlər. Çünki bu dövr uşaqlar üçün həm çətin, həm də vacib bir mərhələdir. Psixoloq Nuranə Hüseynovanın məsləhətləri valideynlərə bu dövrdə övladlarına necə daha yaxşı dəstək ola biləcəklərini göstərir. Birinci olaraq onlarla dost olmaq, empati hissinin olduğunu göstərmək, açıq və nəvazişli şəkildə ünsiyyət, qaydaları sərt şəkildə qoymamaq, müstəqilliyi səviyyəli şəkildə onlara başa salaraq dəstək olmaqdır. Hər zaman səhvi və düzləri ilə onların yanında olaraq pozitiv şəkildə nümunə olmağın vacibliyini vurğulamış. Yetkinlik dövrünün uğurla keçməsi üçün bu sadalanmış tövsiyələr uşaqlar üçün vacib amillərdir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı