Xəbərlər 26.06.2024 20:14 3055

“Azərbaycan Ordusunun zəfəri sadəcə hərbi qələbə deyil, həm də böyük mənəvi üstünlükdür” - Tural Əliyev

“Azərbaycan Ordusunun zəfəri sadəcə hərbi qələbə deyil, həm də böyük mənəvi üstünlükdür”

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 26 iyun tarixinin önəminə toxunub, Ordumuzun keçdiyi inkişaf yoluna nəzər salıb. Polkovnik Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların əsrlər sonra da heyrət və ehtiramla yad ediləcəyini bildirib.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Tural Əliyev çıxışında bildirib ki,  2020-ci ildə 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin sentyabrında antiterror əməliyyatının nəticəsi yalnız hərbi qələbə ilə məhdudlaşmır. Bu, həm də böyük bir mənəvi üstünlükdür.

 Administrasiya rəsmisi qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfəri ölkəni yeni inkişaf səviyyəsinə qaldırıb.

 “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva, “SOS” MMC-nin direktoru polkovnik Anar Məmmədov, Prezidentin Təhlükəsizlik Xidmətinin zabiti polkovnik-leytenant Xəqani Seyidov, Vətən müharibəsi iştirakçısı Mahmur Kərimov öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin artan gücünə, yüksək döyüş hazırlığı və peşəkarlığına toxunub, Müzəffər Ali Baş Komandanın ordu quruculuğu istiqamətində atdığı mühüm addımlardan bəhs ediblər.

Tədbirin sonunda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, xalqımızın bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atacağını bildirib.

Tədbirin sonunda Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərlik mahnıları ifa ediblər.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı