Xəbərlər 27.05.2024 17:12 1934

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım” gündəliyində təhsil konfransı keçirilib

27 may tarixində Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsinin yekunu olaraq “Yaşıl artım” gündəliyində təhsil konfransı keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən konfransın məqsədi milli sosial-iqtisadi prioritet olan təmiz ətraf mühit və “yaşıl artım” üzrə təhsil-təlim komponentlərini müzakirə etmək və bu istiqamətdə yeni sistemli yanaşmaları formalaşdırmaqdır.

 

     Konfransda elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, COP-29-un nümayəndələri həmçinin peşə təhsili və təlimi sahəsində aktiv fəaliyyət göstərən müxtəlif işəgötürən qurumların nümayəndələri iştirak ediblər.

 

     Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun moderatoru olduğu “Yaşıl artım” siyasətinin gündəliyi adlı açılış panelində Elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Energetika nazirinin müavini Samir Vəliyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Milli Məclisin deputatı Nigar Arpadarai çıxış ediblər. Müzakirədə iştirak edən natiqlər Yaşıl artım siyasətinin gündəliyində duran məsələlərlə bağlı öz fikirlərini bildiriblər. Qeyd edilib ki, ölkəmizdə yaşıl iqtisadiyyata keçid üçün bütün sahələrdə kompleks yanaşmanın ortaya qoyulması labüddür. Təhsil sistemi isə bu prosesdə əsas aktorlardan biridir.

 

     Daha sonra Elm və təhsil naziri Emin Əmrullayev peşə təhsil müəssisələri arasında elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində #YaşılDünyaNaminə videoçarx müsabiqəsinin qalibi olmuş Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin və Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrini mükafatlandırıb.

 

     Konfransın ikinci paneli “Yaşıl artım” naminə dövlət-özəl tərəfdaşlığı mövzusuna həsr olunub. Enerji məsələləri üzrə ekspert İlham Şabanın idarə etdiyi müzakirədə “Azerconnect Group” un Baş direktorunun müavini Dövlət Dövlətov, S3 Global şirkətinin MDB və Türkiyə üzrə Baş Direktoru Mövlan Paşayev, COP29-un özəl sektorla iş üzrə müşaviri Orxan Mustafayev, Asiya İnkişaf Bankının investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov və alternativ enerji mənbələri üzrə eskpert Tural Məhərrəmov iştirak ediblər. Paneldə çıxış edən natiqlər diqqətə çatdırıblar ki, “yaşıl artım” üçün özəl təşəbbüslərin dəstəklənməsi, sözügedən istiqamətdə müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi zəruridir. COP29 kimi mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi də özəl sektor üçün böyük perspektivlər açır.

“Yaşıl artım” naminə bacarıqların inkişafında təhsilin rolu adlı üçüncü panel müzakirəsi müxtəlif təhsil pillələri üzrə nümayəndələrin iştirakı ilə baş tutub. ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatoru olduğu paneldə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və Avropa-Azərbaycan Məktəbinin direktoru Francesco Banchini çıxış ediblər. Panel müzakirədə təhsildə yaşıl bacarıqların ölkə iqtisadiyyatı üçün əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu istiqamətdə tədris proqramlarının hazırlanması və yenilənməsi olduqca vacibdir.

 

     Konfrans zamanı həmçinin auditoriyanı maraqlandıran suallar da çıxışçılar tərəfindən cavablandırılıb.

 

     İqtisadiyyatın dayanıqlı inkişaf modelinə keçidi və təhsilin roluna həsr olunmuş maarifləndirmə həftəsi çərçivəsində 20-24 may tarixlərinə İqtisadi Zonaların inkişafı Agentliyinin nəznində Peşə Təhsil Mərkəzində 50-dən çox işəgötürən qurumun iştirakı ilə “İstehsal, ətraf-mühit və bərpa olunan enerji” mövzusunda interaktiv seminar, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Ekonəqliyyata keçid” sərgisi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində isə “Kənd təsərrüfatında yaşıl innovasiyalar” mövzusunda infotur baş tutub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı