ISCEMR-24 Beynəlxalq Elmi Konfransı mayın 26-dək davam edəcək - FOTOLAR/ VİDEO
Mayın 23-də Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-24) işə başladı. Konfrans mayın 26-dək davam edəcək.
QHT.az xəbər verir ki, konfransın mövzusu “Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi”dir. İştirakçılar, açılış mərasimi ərəfəsində Fəxri xiyabana qədər gələrək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət etdilər.
Konfrans çərçivəsində UNEC tərəfindən nəşr olunan kitabların sərgisi keçirildi. Bu kitablar "Xülasələr kitabı", "Yaşıl iqtisadiyyat", "Yaşıl iqtisadiyyat və dayanıqlı inkişaf" və "Türk dünyasında yeşil və dönüşüm ekonomisi: geçiş üçün yol haritası" adlanır. Həmçinin EMERALD nəşriyyat evi ilə birgə nəşr olunacaq "Sustainable Development and Green Innovation: Managing risk through interdisciplinary approaches and policy strategies" kitabı haqqında məlumat verildi.
Konfransın rəsmi açılış mərasimində UNEC rektoru professor Ədalət Muradov çıxış etdi. Sonra Elm və təhsil naziri Emin Əmrullayev, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle və “Regional İnkişaf” İctimai Birliyi, Təhsil layihələri üzrə koordinatoru Simuzər Fərəczadənin çıxışları dinləndi.
Konfransa göndərilən 683 tədqiqat işindən 245-i məruzə üçün qəbul edildi. Konfransın müxtəlif mövzuları əhatə edən panel müzakirələri və vörkşoplar təşkil olunacaq. Ayrıca, aksiyada iştirakçılar tərəfindən iqlim şəraitinə uyğun 300-dən çox ağacın əkilməsi nəzərdə tutulur.
Pərvanə Fərhadqızı