Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb
Milli Qəhrəman Səfəralı Məmmədovun xatirəsi anılıb - Masallıda
Masallı rayonunda Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Səfəralı Məmmədovun (14.10.1963-16.02.1992) xatirəsi anılıb.
Tədbirdə Masallı RİHB aparatının, rayon polis şöbəsinin əməkdaşları, qəhrəmanın ailə üzvləri, hərbçi yoldaşları, kənd sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Milli Qəhrəmanın adını daşıyan Sərçuvar kənd tam orta məktəbində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra qəhrəmanın büstü önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Çıxışlarda qəhrəman polisin həyatı və döyüş yoludan bəhs edilib.
Bildirilib ki, Səfəralı Məmmədov kimi qəhrəmanlarımızın Vətənimizin bütövlüyü uğrunda gösrtərdikləri misilsiz fədakarlıq indiki və gələcək nəsillər üçün əsl vətənpərvəlik nümunəsidir.
Milli Qəhrəmanın anası Şahdəstə xanım Məmmədova müharibə iştirakçılarına, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.
Anım tədbirində məktəblilərin ifasında Milli Qəhrəmana və şəhidlərə həsr edilmiş şeirlər, nəğmələr səsləndirilib.
Məlumat üçün bildirək ki, Səfəralı Məmmədov Ağdam rayon Daxili İşlər Şöbəsində post-patrul batalyonunda tağım komandiri vəzifəsində xidmət edib. O, 1992-ci il fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd sakinlərini azğınlaşmış erməni dəstələrindən xilas edən zaman şəhid olub. Səfəralı Qurban oğlu Məmmədov ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb. Masallı şəhərində küçələrdən birinə, igid döyüşçünün təhsil aldığı məktəbə onun adı verilib, məktəbində həyətində büstü qoyulub, cəsur döyüşçüyə həsr olunmuş “Qəhrəman polis” adlı sənədli film çəkilib.
Akif AĞAYEV