Xəbərlər 29.11.2023 20:37 1912

Özbəkistanın QHT nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub - FOTOLAR


Özbəkistanın Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayevin başçılıq etdiyi nümayəndə heyəti  ölkəmizə səfəri çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub. 

Nümayəndə heyətində Özbəkistanın QHT sədrləri, media təmsilçiləri, Özbəkistanın aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunub.

Qonaqlar Cənubi Qafqazda ilk ən böyük çoxşaxəli inklüziv məkanda həssas əhali qruplarına aid şəxslərə göstərilən xidmətlərlə tanış olublar. 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Nigar Məmmədova iki il əvvəl yaradılan Mərkəzin inklüziv cəmiyyətin inkişafına dəstək məqsədi ilə ötən dövrdə gördüyü işlər barədə məlumat verib. 

Qeyd olunub ki, 22 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə açılışı olan Mərkəzdə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, valideyn himayəsindən məhrum və ya valideynini itirmiş uşaqlar, habelə digər həssas kateqoriyaların yaradıcılıq potensialına dəstək işləri aparılır. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas kateqoriyalardan olan şəxslər müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərlə yanaşı, sosial psixoloji dəstək tədbirlərinə də cəlb edilir. 

Qonaqlara Mərkəzin istedadlı üzvlərinin ifasında musiqi nömrələri təqdim olunub. 

Nümayəndə heyətinin üzvləri Mərkəzin yaradıcılıq studiyalarında olub, təlim prosesini izləyiblər. Qonaqlar benefisiarların və təlimçilərin əl işlərindən ibarət ekspozisiyaya baxıblar.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı