Xəbərlər 09.06.2023 20:04 2474

Azər Əliyev: Düşərgələr yeni bilik və bacarıqların əldə olunması, təcrübə mübadiləsi, şəbəkələşməni özündə cəmləşdirir

Danılmaz faktdır ki, dövlətin gənclər siyasətinin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətimizin avanqard qüvvəsinə çevrilirlər. Yay düşərgələri gənclərin şəxsi, sosial inkişafına və rifahına böyük təsir göstərərək onların şüurunda xüsusi yer tutur. Bu düşərgələrin əsas üstünlükləri şəxsi inkişaf və sosial qarşılıqlı əlaqə imkanıdır ki, gənclər təşkilatları bunun fərqində olaraq yay ayları ərzində düşərgələr vasitəsilə minlərlə gənci öz ətraflarında toplayır.

QHT. az  AZƏRTAC-a istinadən  xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Azər Əliyev deyib.

Bildirib ki, ARGTMŞ düşərgələr mövsümünü Şəki şəhərində keçirdiyi Gənclər Təşkilatlarının Strateji Planlaşdırma düşərgəsi ilə açdı. “Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən və 100-ə yaxın gənclər təşkilatının rəhbər və nümayəndəsinin iştirak etdiyi layihənin əsas məqsədi gənclər təşkilatlarının birgə fəaliyyət strategiyalarının müzakirə edilməsi, aidiyyəti istiqamətdə görüş, müzakirə, vörkşopların keçirilməsi və fəaliyyət strategiyası ilə bağlı birgə sənədin hazırlanmasından ibarət idi. Ümumilikdə beş gün davam edən düşərgə komanda işləri, uzunmüddətli əməkdaşlıqlar və dəyərli təcrübələrlə yadda qaldı.

Yay düşərgələri deyəndə hər kəsin ağlına ilk növbədə əyləncə və istirahət gəlsə də, əslində, düşərgələr daha çox yeni bilik və bacarıqların əldə olunması, təcrübə mübadiləsi, şəbəkələşməni özündə cəmləşdirir.

 

O qeyd edib ki, iyun ayı ərzində Gənclər Fondunun dəstəyi ilə həyata keçirməyi planlaşdırdıqları daha bir düşərgə gənclərlə iş üzrə menecerlərin inkişaf proqramı çərçivəsində təşkilatların baş katibləri və idarəedici şəxsləri üçün olan layihədir. Əslində, bu proqram ARGTMŞ üçün ənənə halını alıb, çünki 2022-ci ildən etibarən proqrama start verilib: “Düşərgələrə aldığımız geri dönüşlər çox məhsuldar və öyrədici oldu ki, biz bu il də davam etmək qərarına gəldik. Düşərgə keçən il 35 nəfərin iştirakı ilə keçirilsə də, bu il bu sayı 50 nəfərə çatdırmağa hədəfləmişik. Proqramın əsas məqsədi iştirakçıların idarəetmə bacarıqlarının artırılması, gənclər təşkilatları arasında əlaqələrin gücləndirilməsi, onların birgə fəaliyyətlərə təşviq edilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi, seminar və sessiyalar vasitəsilə yeni biliklərin əldə edilməsindən ibarətdir”.

Düşərgələrdə beynəlxalq təmsilçilik istiqamətində də bir sıra fəaliyyətlərin nəzərdə tutduqlarını söyləyən Azər Əliyev deyib: “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirəcəyimiz “Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv təmsilçilik” layihəsi belə layihələrdən biridir. Layihənin ümumilikdə 50 təşkilat nümayəndəsinin iştirakı ilə 3 modulda həyata keçirilməsi planlaşdırılıb. Gənclər təşkilatlarının nümayəndələrinin beynəlxalq tərəfdaşlarla əlaqə və əməkdaşlıq imkanlarının artırılması, beynəlxalq platformalı gənclər təşkilatlarının şəbəkələşməsinin təmin edilməsi, beynəlxalq inteqrasiya, təmsilçiliklə bağlı bilik və təcrübələrin təkmilləşdirilməsi layihənin əsas məqsədləri sırasına daxildir.

Həmçinin Danimarka Milli Şurası ilə həyata keçirəcəyimiz təşkilat nümayəndələri üçün beynəlxalq layihələrin yazılması təlimləri də bu qəbilədəndir. Qırx nəfərədək iştirakçı ilə baş tutacaq layihənin məqsədi xarici donorlarla layihə təkliflərinin effektiv formada yazılması və idarə edilməsindən ibarətdir.

Son olaraq isə qeyd etmək istədiyim layihələrdən biri “Azərbaycanın regionlarında gənc təlimçilərin, fasilitatorların və multiplayerlərin bacarıqlarının inkişafı proqramı”dır. İlkin olaraq proqramın təlimlərinin hər birində 40 gənc təlimçi olmaqla Lənkəran və gənclər paytaxtı Mingəçevirdə keçirilməsini planlaşdırmışıq. Layihənin əsas məqsədi Azərbaycanın regionlarında qeyri-formal təhsilin cəlbediciliyini və keyfiyyətini artırmaqdan ibarətdir.

Yekun olaraq qeyd etmək istəyirəm ki, yay düşərgələri gənclərin inkişafında mühüm rol oynayır, onlara şəxsi inkişaf, sosial qarşılıqlı əlaqə, təhsil də daxil olmaqla geniş imkanlar təklif edir. Düşərgələrin mühiti gənc fərdləri potensiallarını kəşf etməyə və hərtərəfli fərdlər olmağa təşviq edir, həmçinin onlara gələcəyə hazırlayan yaddaqalan və dəyişdirici təcrübə təqdim edir”, - deyə Milli Şuranın sədri bildirib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı