Xəbərlər 25.05.2023 16:01 2368

Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışının qalibləri müəyyənləşib

“Heydər Əliyev kuboku” uğrunda 8 məktəb komandası mübarizə aparıb

 

Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışının final mərhələsi keçirilib. 
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Masallı Rayon Gənclər və İdman İdarəsinin, ”Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinın, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə gerçəkləşən bilik yarışmasında məktəblilər “Heydər Əliyev kuboku” uğrunda mübarizə aparıblar. 
Yarışların final mərhələsində “Dəfinə” məktəb liseyinin, Ərkivan qəsəbə 2 saylı tam orta məktəbinin, Göyəçöl, Sığıncaq, Tüklə, Xırmandalı, Yeyənkənd və Bədəlan kənd tam orta məktəblərinin X-XI sinif şagirdləri biliklərini sınayıblar.

Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları Abbas Abbaszadə, Nuranə Muradova, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinın direktoru Fuad Mənsimov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Masallı Dövlət Regional Kollecinin müəllimi Dilarə Hüseynova, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev və  Masallı Xəbərləri MİP-nın  rəhbəri Rauf Cəbiyev iştrak ediblər.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və başqaları Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələlərində öz xalqına sıx bağlı olduğunu vurğulayıb, 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin, eləcə də gənclərin Ulu Öndər irsinin mənimsənməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
İntellektual bilik yarışının təşkilat komitəsinin üzvləri qalib komandaların üzvlərini təbrik edərək onlara mükafatları təqdim ediblər.
Yarışların yekun nəticələrinə əsasən Bədəlan kənd tam orta məktəbinin komandası birinci, Göyəçöl kənd tam orta məktəbinin komandası ikinci, Sığıncaq kənd tam orta məktəbinin komandası üçüncü dərəcəli, Ərkivan qəsəbə 2 saylı kənd tam orta məktəbinin komandası isə fərqlənmə diplomlarına layiq görülüblər.
Bədəlan məktəbliləri “Heydər Əliyev kuboku”na sahib olublar.

 

Akif AĞAYEV
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı