İstənilən terror aktı, motivindən asılı olmayaraq cinayətdir - Bəyanat
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin Bəyanatı
“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik nümayəndəliyin əməkdaşlarının ölümü və yaralanmaları ilə nəticələnən terror aktını qətiyyətlə pisləyir. İstənilən terror aktı, motivindən, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq cinayətdir.
Biz diplomatik və konsulluq binalarının toxunulmazlığı və əməkdaşların təhlükəsizliyi prinsipini və Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən dövlətlərə dair öhdəlikləri bir daha vurğulamaq istərdik.
İran diplomatik və konsulluq binalarını hər hansı müdaxilə və ya zədədən qorumaq və bu nümayəndəliklərə və əməkdaşlarına qarşı hər hansı hücumun qarşısını almaq üçün bütün lazımi addımları atmaq üçün Konvensiya üzrə öhdəliklərini yerinə yetirə bilməmişdir.
İran da daxil olmaqla bütün dövlətlər BMT Nizamnaməsinə və beynəlxalq hüquqdan irəli gələn digər öhdəliklərə, o cümlədən beynəlxalq insan haqları hüququna, beynəlxalq humanitar hüquqa, terror aktları nəticəsində beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərə uyğun olaraq, bütün vasitələrlə mübarizə aparmalıdır.
Bundan başqa, BMT Baş Assambleyasının 14 dekabr 1973-cü il tarixli 3166 (XVIII) saylı qətnaməsi ilə Nyu-York şəhərində qəbul edilmiş edilmiş “Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən, dövlətin hər hansı nümayəndəsi və ya vəzifəli şəxsi və ya digər agenti onun şəxsi azadlığı və ya ləyaqətinə, habelə ailə üzvlərinə qarşı hər hansı qəsdən törədildilən cinayətlərdən beynəlxalq hüquqa uyğun olaraq xüsusi müdafiə hüququna malikdir.
Qeyd edək ki, son vaxtlar İranın dövlət və özəl mediasında Azərbaycan əleyhinə aparılan kampaniya, sosial şəbəkələrdə ölkəmizə qarşı nifrətin aşılanması diplomatik nümayəndəliyimizə qarşı belə bir hücuma rəvac verib.
İran rəsmilərindən hadisə ilə bağlı hərtərəfli araşdırma aparmağı və günahkarların cəzalandırılması üçün müvafiq tədbirlər görməsini tələb edirik.
Mərhum Azərbaycan Respublikasının vətəndaşı Orxan Əsgərovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzu edirik.
Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi