1 fevral tarixindən etibarən "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Zəfər kuboku" intellektual turniri adlı layihənin icrasına start verib.
Layihə çərçivəsində fevral ayının sonları və ya mart ayı ərzində böyük bir yarışın təşkili planlaşdırılır.
Yarışda rayon orta ümumtəhsil məktəblərinin, həmçinin BDU Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin komandalarının, eləcə də, müstəqil və kənar komandaların iştirakı nəzərdə tutulur.
İki yarımqrup üzrə keçiriləcək turnirdə hər yarımqrupdan 6 komanda növbəti mərhələyə vəsiqə qazanacaq. 12 komandanın yarışacağı üçüncü mərhələdə isə ilk dörd yerin sahibi növbəti, sonuncu final mərhələsində iştirak etmək hüququ əldə edəcək.
Qeyd edək ki, ilk üç mərhələ "Nə?, Harada?, Nə zaman?", final mərhələsi isə "Breyn rinq" formatı üzrə keçiriləcək.
Qalib komanda kubokla, ilk üç yerin sahibi olmuş komanda üzvləri isə müvafiq medal və diplomlarla təltif olunacaq. Yarışda ümumilikdə 30-dan çox komandanın iştirakı nəzərdə tutulur. Layihənin müddəti üç aydır və 1 may 2022-ci ildə başa çatacaq.
*QEYD: Yaxın günlərdə yarışla bağlı əlavə məlumatlar bildiriləcək. Ölkədə pandemiya vəziyyətindən asılı olaraq, yarışın formatında və keçirilmə qaydalarında dəyişikliklər edilə bilər.












