Bu gün Yayım Assosiasiyası və Bakı şəhər Mədəniyyət İdarəsi Nəsimi rayon MKS-in birgə təşkilatçılığı ilə şair Samir Əfsəroğlu ilə oxucuların görüşü keçirilib. Görüşdə Nəsimi rayonu ərazisində yaşayan oxucular, rayon kitabxanalarının oxu şöbələrinin əməkdaşları və tanınmış ziyalılar iştirak ediblər.

QHT.az xəbər verir ki, giriş sözü ilə qonaqları salamlayan Nəsimi MKS-in direktoru Nəsibə Mehdiyeva tədbirin təşkilinə görə Yayım Assosiasiyasına və təşkilatın rəhbəri Yaşar Zeynalova minnətdarlığını bildirib.

Sonra Yaşar Zeynalov da Yayım Assosiasiyasının məqsədi haqqında məlumat verərək belə tədbirlərin əhəmiyyətindən, oxuculara faydasından danışıb.

Səmimi, aktiv şəraitdə keçən görüşdə oxucuların çoxsaylı sualları şair Samir Əfsəroğlu tərəfindən cavablandırılıb. Şair son illərdə Vətən, ana, şəhidlərimiz və s mövzularda qələmə aldığı yeni şeirlərini səsləndirib.

Görüşdə qonaq qismində iştirak edən, üç mindən artıq şəhidə mahnı bəsdələyən bəstəkar Ruslan Səfəroğlu, yazıçı Sevinc Rza şairin yaradıcılığı haqqında fikirlərini söyləyiblər.

Nəsimi rayonu 3 saylı kitabxana filialının direktoru Dilşad Məmmədova kitabxanaçı Pərvin Mehdiyeva və digər iştirakçılar Samir Əfsəroğluna suallar verdilər, şairin qələmə aldığı şeirlərindən səsləndiriblər.