“Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır”.

QHT.az xəbər verir ki, bu sözləri Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli bildirib. QHT sədri qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub: “Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin güclənməsində ciddi rol oynayacaq”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi ölkəmiz üçün çox ciddi və vacib problemlərin həllinə imkanlar aça biləcəyini də bildirən İlqar Hüseynli transsərhəd çaylarımızın radioaktiv tullantılarla çirkləndirilməsi, Metsamor AES,Oxutçay problemi, Qarabağın yaşıl təbiətinə vurulan dəhşətli terror əməlləri, Hacıqabul gölünün bərpası və.s kimi ciddi məsələlər müzakirə predmetinə çeviriləcəyini də qeyd edib: “Bu işdə Azərbaycan QHT-lərinin təşəbbüsləri dəstəklənməli və proseslərdə rolu və iştirak imkanları stimullaşdırılmalıdır”.

 

Pərvanə Fərhadqızı