Üç il bundan öncə xalqımızın 30 illik əzəl torpaqlar həsrətinə son qoyub, dövlətimizin haqq və ədalət carçısı olduğunu bütün dünyaya nümayiş etdirib, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş Qələbə tarixə yalnız qızıl hərflərlə deyil, həm də şəhid qanı ilə yazılıb. Erməni qəsbkarlarına qarşı qanlı döyüşlərdə mənfur düşmənə sarsıdıcı zərbə endirən, işğaldan azad edilmiş torpaqlarda üçrəngli bayrağımızı göylərə ucaldan şəhidlərimizin adları xalqımızın yaddaşına əbədi həkk olunub.
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az –a bildirib ki, hər birimiz Vətən sevgisi həyat eşqindən qat-qat üstün olan şəhidlərimizlə fəxr edir, onların qəhrəmanlığından böyük qürur hissi duyuruq: “Şəhidlik zirvəsinə ucalmış igid əsgər və zabitlərimizin doğmalarında – onları boya-başa çatdırmış ata və analarında, bacı və qardaşlarında, ömür-gün yoldaşları və övladlarında isə bu hiss ölçülməzdir, tükənməzdir. 44 günlük Vətən müharibəsində igidlikləri ədalətsizliyə qarşı mübarizliyin parlaq nümunəsinə çevrilmiş, məkanları tarixən müqəddəs sayılan şəhidlik zirvəsi olmuş qəhrəmanlar arasında sevib-sevilərək ailə həyatı quranlar, qısa ömür yolunda övlad yadigar qoyanlar heç də az deyil. Bu gün ailə qayğılarını taleyin hökmü ilə təkbaşına öz zərif çiyinlərində daşıyan xanımlarımızın Vətənin bütövlüyü naminə ömür yolunu yarımçıq qoymuş igid ərləri ilə bağlı xatirələrini, duyğu və düşüncələrini bölüşməklə onların ruhunu şad edə biləcəyini düşünən Birliyimiz Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin cari təqvim ili üçün elan etdiyi qrant layihələri müsabiqəsində iştirak etmək qərarına gəlib və nəticədə müəllifləri şəhid xanımları olan “Yarımçıq qalmış arzular” kitabı Agentliyin maliyyə dəstəyi ilə “Mütərcim” nəşriyyatında işıq üzü görüb”.
Ruhiyyə Məmmədova həmçinin bildirib ki, kitabda şəhidlərimiz Zülfüqar Qubadov və İsmayıl Səmədovun, Ayaz İmanzadə və Elvin Məmmədovun, Abdurahman İsrafilov və Həsən Həsənovun, Vüsal Məhərrəmov və Şəhriyar Quliyevin, Yalçın Cavadov və İlham Rəşidovun, Ruslan İsmayılov və Rəfail İşiyevin, İntiqam Abbasov və Əsəd Əsədovun, Yunis Kazımov, Qəzənfər Mütəllimovun və Elxan Zülfüqarovun ömür-gün yoldaşlarının xatirələri və ürək sözləri cəmləşib: “Kitabın nəşrə hazırlanmasında iştirak edənlər yazıları oxuculara olduğu kimi, məzmuna heç bir əlavə və dəyişiklik edilmədən təqdim etməyə çalışıblar. Layihə rəhbəri olaraq, nə qədər çətin də olsa, öz qəhrəman həyat yoldaşları haqqında fikirlərini bizimlə bölüşdüklərinə görə hər bir şəhid xanımına qəlbən minnətdaram. Yaxın zamanlarda təqdimatı keçiriləcək “Yarımçıq qalmış arzular” kitabının hər bir müəllifinə təşkilatımız adından deyiləsi bircə kəlməm var. “Vətən torpaqlarının bütövlüyü uğrunda canını qurban vermiş ömür-gün yoldaşınızın bir çox arzu və istəkləri yarımçıq qaldı. Amma onun ən böyük arzusu Qələbə idi. Gerçəkləşdi... Ruhu şaddır! Təsəlliniz – bu böyük Zəfər, igid ərinizin şərəfli adı, bir də ondan yadigar qalan övladlarınızdır. Allah qorusun! Vətən sağ olsun!”
Pərvanə Fərhadqızı










