YAP Masallı rayon təşkilatı jurnalistlərlə görüş keçirib

 

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı mətbuat nümayəndələri ilə görüş keçirib.
Tədbirdə “Yeni həyat” ictimai-siyasi qəzetinin və eyni adlı saytın, “Asiya.az”, “Azadmedia.az” saytlarının kollektivi, veteran mətbuat işçiləri, gənclər iştirak ediblər.
YAP Masallı rayon təşkilatının məsul əməkdaşı Eldar Kazımov media nümayəndələrini rayon təşkilatı adından təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.
E.Kazımov 149 yaşlı Azərbaycanda mətbuatının keçdiyi yoldan, müstəqillik illərində milli mətbuatımızın formalaşmasından danışıb: “Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahə üzrə problemlərin həlli istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə kütləvi informasiya vasitələrinin qanunvericilik bazası təkmilləşdirilir,  fəaliyyəti üçün hər cür şərait yaradılır. Ölkə rəhbəri milli medianın inkişafını prioritet istiqamətlərdən biri kimi qəbul edir və daim diqqət mərkəzində saxlayır.”
44 günlük Vətən müharibəsi dövründə mətbuatın rolunu önə çəkən natiq ölkə rəhbərinin həmin ərəfədə beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələrin önəmindən bəhs edib.
Tədbirdə “Tərəqqi” medallı veteran jurnalist Əyyub Mehdiyev, “Yeni həyat” qəzetinin və eyni adlı saytın baş redaktoru Əlihüseyn Şükürov, baş ədəbi işçisi Akif Ağayev və başqaları mətbuatın cəmiyyətdə rolundan, Masallı rayon mətbuatının tarixindən, respublikamızda bu sahəyə göstərilən dövlət qayğısından söz açıb, fikir mübadiləsi aparıblar.
Media təmsilçiləri tədbirin təşkilinə görə YAP rayon təşkilatına minnətdarlıqlarını bildiriblər.
Görüşü yekunlaşdıran YAP rayon təşkilatının məsul əməkdaşı Eldar Kazımov mətbuat sahəsində çalışan hər bir şəxsin informasiya təhlükəsizliyi məsələlərində dövlətimizin və cəmiyyətimizin maraqlarının qorunmasında böyük önəm daşıdığını bir daha diqqətə çatdırıb.