Xeyriyyə təşkilatları QHT kateqoriyasından çıxarılacaq Qazaxıstanda yeni qanun hazırlanır.
QHT.az yerli mətbuata istinadən xəbər verir ki, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi “Qeyri-hökumət təşkilatları haqqında” qanun layihəsinə dair Tənzimləyici Siyasət üzrə Məsləhətçi Sənəd hazırlayıb.
Yeni Qanunda QHT-lərin əlamətləri, hüquqi statusu, fəaliyyət prinsipləri (özünüidarəetmə, müstəqillik, şəffaflıq, hesabatlılıq, ayrı-seçkiliyin olmaması və s.), habelə hüquq və vəzifələri təsbit ediləcək.
Kiçik və fəaliyyətsiz QHT-lərin ləğvi üçün sadələşdirilmiş prosedurun tətbiqi nəzərdə tutulur. Həmçinin QHT anlayışına daxil ediləcək təşkilatların dəqiq siyahısının müəyyənləşdirilməsi təklif olunur.
Qanun layihəsinə əsasən, xeyriyyə təşkilatları, notariuslar palataları, vəkillər kollegiyaları, arbitraj palataları, idman federasiyaları, peşəkar birliklər və digər qurumlar QHT kateqoriyasından çıxarılacaq.
Layihəyə QHT əməkdaşlarının hüquqları, vəzifələri və sosial təminatları ilə bağlı ayrıca bölmə daxil ediləcək. Bu məsələlər əmək qanunvericiliyi, sosial sığorta və əməyin mühafizəsi sahəsindəki normativ aktlara istinadla tənzimlənəcək. Bundan əlavə, QHT-lərin ÜDM-ə, məşğulluğa və sosial xidmətlərə iqtisadi töhfəsinin hesablanması metodikası hazırlanacaq.
Sənəd 26 fevral 2026-cı il tarixinədək ictimai müzakirəyə çıxarılıb.
Hazırda Qazaxıstanda 23 mindən çox qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib.











