Qazaxıstanda “Kənd yerlərində vətəndaş təşəbbüslərinin inkişafı” layihəsi çərçivəsində kiçik qrantların nəticələri barədə məlumat verilməyə davam edir.
“Erekşem” reabilitasiya mərkəzində xüsusi ehtiyacları olan uşaqların dəstəklənməsi və reabilitasiyasına yönəlmiş layihə həyata keçirilib. Sentyabr–noyabr ayları ərzində mütəxəssislər 30 uşağın ilkin diaqnostikasını apararaq onların koqnitiv inkişafını, nitq və dil bacarıqlarını, motor fəaliyyətini, həmçinin sosial uyğunlaşma və emosional vəziyyətini qiymətləndiriblər. Diaqnostikanın nəticələrinə əsasən hər bir uşaq üçün fərdi inkişaf planı hazırlanıb.
Reabilitasiya işlərinin səmərəliliyini artırmaq məqsədilə mərkəzə yerimə hərəkətlərini imitasiya edən xüsusi mexaniki trenajor alınıb və quraşdırılıb. Avadanlığın təhlükəsiz istifadəsi üçün mütəxəssislərə xüsusi təlimat keçirilib.
Yeni avadanlığın köməyi ilə 30 uşaq üçün fizioterapevt, müalicəvi bədən tərbiyəsi (MBT) təlimatçısı və digər ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə fərdi və qrup məşğələləri təşkil olunub. Nəticədə bir çox uşaqlarda müsbət dəyişikliklər müşahidə edilib: əzələ tonusu, hərəkət koordinasiyası və tarazlıq yaxşılaşıb, uşaqların özünə inamı və motivasiyası artıb.
Bununla yanaşı, valideynlərə uşaqlara qulluq və ev şəraitində reabilitasiyanın davam etdirilməsi ilə bağlı praktik tövsiyələr verilib. Layihənin həyata keçirilməsi uşaqların hərəkət və adaptasiya bacarıqlarının inkişafına, eyni zamanda mütəxəssislərlə valideynlər arasında əməkdaşlığın güclənməsinə imkan yaradıb.











