Dövlət təltiflərinə bənzər medallar təqdim olunurdu: QHT-lərin mükafatlarına tələblər sərtləşdiriləcək

QHT.az Qazaxıstan mətbuatına istiandən xəbər verir ki, ictimai birliklərin təsis etdiyi mükafatlara dair tələblər sərtləşdirilir. Bu barədə Baş nazirin müavini – milli iqtisadiyyat naziri Serik Jumangarin deputat sorğusuna cavabında bildirib.

Onun sözlərinə görə, 2025-ci ildən etibarən QHT-lərə dövlət təltiflərini tam və ya qismən təkrarlayan orden, medal və döş nişanları təsis etmək qadağan olunur. Bundan əlavə, onlara Qazaxıstan Respublikası, ölkə xalqı və ya Prezident adından mükafat təqdim etmək də yasaqlanır.

Nəzarətin gücləndirilməsinə səbəb belə mükafatların təqdim edilməsi və yayılması ilə bağlı konkret faktlar olub. Belə ki, 24 dekabr 2025-ci il tarixində Almatıdakı Milli Kitabxanada bir sıra vətəndaşlara “Бауыржана Момышулы" adına «Намыс»  döş nişanı, «Батыр шапағаты» , «Ел жанашыры»  və “İlin Qızıl adamı” sertifikatı və heykəlciyi kimi ictimai mükafatlar təqdim edilib.

 

«Ел жанашыры» nişanının satışı və yayılması faktı üzrə 23 yanvar 2026-cı ildə vətəndaş Didar Kuykabayev İnzibati Xətalar Məcəlləsinin 674-cü maddəsinin 2-ci hissəsinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Həmçinin “Qazaqstan ardagerleri” hüquqi şəxslər birliyi tərəfindən təqdim edilən “Бауыржана Момышулы" adına «Намыс»  döş nişanı ilə bağlı ekspertiza aparılır.

Vitse-premyer bildirib ki, Mədəniyyət və İnformasiya Nazirliyi tərəfindən təxminən 20 min ictimai təşkilatın fəaliyyəti daimi əsasda təhlil və monitorinq olunur.

Yeni dəyişikliklərə əsasən, ictimai təşkilatlar yalnız öz fəaliyyətlərinə verdikləri töhfəyə görə mükafat təqdim edə biləcəklər.

Nazirin sözlərinə görə, hazırda nazirlik beynəlxalq təcrübəni, o cümlədən MDB ölkələrinin praktikasını öyrənərək “İctimai birliklər haqqında” və “Qeyri-kommersiya təşkilatları haqqında” qanunlara dəyişiklik və əlavələr edilməsi barədə qanun layihəsi hazırlayır. Təklif olunan normalar ictimai birliklər, fondlar və digər QHT-lər tərəfindən təsis edilən mükafatlara dair tələblərin sərtləşdirilməsinə yönəlib. Qanun qəbul ediləcəyi təqdirdə, ictimai birliklər Qazaxıstan və xarici ölkə vətəndaşlarını yalnız öz təşkilatlarının fəaliyyətinə töhfəyə görə mükafatlandıra biləcəklər.

Cavabda həmçinin dövlət rəmzləri və təltifləri ilə bağlı məsələlərin müvafiq respublika komissiyasının nəzarətində olduğu vurğulanıb.

Daha əvvəl yerli medianın əməkdaşları qeyri-dövlət mükafatları bazarını araşdıraraq müəyyən edib ki, medal və döş nişanları internetdə sərbəst şəkildə satılır. Məsələn, “Qürmətli ustaz” medalı təxminən 3 500 tenqeyə təklif olunur. Digər internet mağazalarında “Jomart jurek”, “Asıl ana” və “Üzdik pedagog” kimi mükafatlar 1 800 tenqeyə, vəsiqə ilə birlikdə isə 2 500 tenqedən başlayaraq satılır. Bu nişanlar ictimai təşkilatlar tərəfindən sifariş edilir və müxtəlif tədbirlərdə təqdim olunur. Lakin onların rəsmi statusu yoxdur və heç bir dövlət reyestrində qeydə alınmır.