Azərbaycanda uşaqlı ailələr üçün müavinət və eləcə də digər güzəştlər beşdən çox uşağı olan qadınlara şamil olunur. Hazırda beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır. Bu o deməkdir ki, hazırda ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilir. Eyni zamanda, proporsional olaraq çox uşaqlı ailələrdə qadınlar daha tez pensiya çıxmaq hüququ əldə edirlər.
Bəs digər ölkələrdə analoji sosial yardım proqramlarının həyata keçirilməsi ilə müqayisədə Azərbaycanın vəziyyətini necə qiymətləndirmək olar?
QHT.az-ın bu sualına cavab verən Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, ümumən götürsək hədəf çoxuşaqlı ailələrin sosial, maddi ehtiyaclarını dövlət tərəfindən qarşılanması məqsədini daşıyırsa, bu təqdirəlayiq haldır: “Dünyanın hər yerində bu baş verir, çoxuşaqlı ailələr üçün müəyyən sosial müavinətlər nəzərdə tutulur. Hal-hazırda ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il Milli Məclisdə ehtiyac meyarı müəyyənləşdirilib. 2024-cü ilin ehtiyac meyarı Milli Məclis tərəfindən müəyyənləşdirildi və 270 manat məbləğində nəzərdə tutulub. Hesab edirəm ki, çoxuşaqlı valideyinlərin, anaların, ailələrin sosial təminatının göcləndirilməsi məqsədilə nəzərdə tutulan bu Prezident fərmanında da dəyişikliklər aparılmağı tövsiyyə edərdim. Əgər bu məbləğ 270 manata qaldırılarsa, bu həmin ailələrin dövlət tərəfindən təzminatının və təminatının gücləndirilməsində əhəmiyyətli rol oynayar. Ehtiyac meyarı o deməkdir ki, bir nəfər Azərbaycan vətəndaşının bir ay müddətində minimal həyatını, yaşaması üçün müəyyənləşdirilmiş ehtiyac, məbləğ 270 manatdan ibarətdir.
Pərvanə Fərhadqızı












