ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Dövlət Turizm Agentliyinin texniki dəstəyi ilə turizm sektorunda fəaliyyət göstərən tərəfdaşlar üçün 9, 12, 16 iyun tarixlərində Qrant layihə təklifinin yazılması və 19 iyun 2020-ci il tarixində Vətəndaş Cəmiyyəti Təşkilatının idarə edilməsinin əsasları mövzusunda silsilə vebinarlar keçirildi.
Layihə çərçivəsində Zoom platformasında hər biri iki saat olmaqla 4 veb-seminar təşkil edildi. Vebinarlara Azərbaycan Turizm Könüllüləri Təşkilatı, Turizm Agentlikləri Assosiasiyası, Hotellər Assosiasiyası, Bələdçilər Assosiasiyası, Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyi, DAİR Otellər və Restoranlar Assosiasiyası və Skal International Bakı Klubunun üzvləri, toplam 47 nəfər iştirakçı qismində qatıldı.
Veb-seminarlar müstəqil ekspert Tural Əhməd və MG Consulting şirkətinin rəhbəri Məhəmməd Quluzadə tərəfindən hazırlandı və təqdim olundu. 9, 12 və 16 iyun tarixlərində keçirilmiş seminarlar çərçivəsində icmalarla məsləhətləşmə yolu ilə sosial əhəmiyyətli layihələrin seçilməsi, büdcə tərtibatı və əsaslandırma daxil olmaqla layihə təklifinin yazılması, 19 iyun tarixində isə VCT-lərin idarə edilməsinin əsasları, çətinlikləri və həll yolları, habelə uğurlu menecment mövzularında müzakirələr aparıldı.












