“İndiki dövrün uşaqlarının texnologiya istifadəsində bizim 20-ci illərin əvvəllərində olduğumuzdan daha mahir olduqlarını hamımız dərk etmişik. Mən də eyni şeyi yaşamışam. İstər inanın, istər inanmayın, lakin gənclər və uşaqlar arasında texnologiya döngüsünün mənmimsənilməsi heç vaxt olmadığı kimi yüksələcəkdir”.

Bu sözləri "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri Fatimə Hacıbəyli QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, texnologiya bu günlərdə həm uşaqlar, həm də böyüklər üçün ünsiyyətin, ictimailəşmənin, yaşamın yeganə mənbəyinə çevrilib: “Valideynlər adətən uşaqlarına təsir göstərən şeylərə görə narahatlıq hiss keçirirlər. Çünki hər şeyin ifrat dərəcədə olması pisdir. Məncə hər kəs həyatında bu klişeni ən azı bir dəfə eşidib. Hər şeydən əvvəl, valideynlərin vəzifəsi uşaqlarının yeni şeylərlə qarşılıqlı əlaqəsinə diqqət yetirməkdir. Valideynlər bütün varlıqları ilə maddi və mənəvi olaraq uşaqlarının yanında olmalı, onlarla vaxt keçirməli, onlara xüsusi vaxt ayırmalıdırlar. Üstəlik, uşaqlarla keçirilən bu vaxtın kəmiyyəti yox, keyfiyyəti vacibdir”.

QHT sədri sonda qeyd edib ki, gəlin, uşaqları daxili dünyalarını öz valideynləri ilə bölüşmək imkanından məhrum etməyək, əks halda, bu boşluğu dolduran “pleysteyşn”lər, kompyuter oyunları bizə bizim arzuladığımız nəslin formalaşmasına kömək etməyəcək.

Qeyd edək ki, texnologiyanın ailə ünsiyyətinə təsiri mövzusu müasir dövrdə geniş müzakirə olunan və vacib mövzulardan biridir. Texnologiya ailə ünsiyyətində həm müsbət, həm də mənfi təsirlərə malikdir. Əsas məsələ, texnologiyadan düzgün və balanslı istifadəni təmin etməkdir. Ailə üzvləri arasında sağlam və güclü ünsiyyəti qorumaq üçün texnologiyadan səmərəli istifadə etmək, birgə vaxt keçirməyə və bir-birinə diqqət yetirməyə önəm vermək vacibdir.

 

Pərvanə Fərhadqızı