17 fevral – Təmənnasız Xeyirxahlıq İfadəsi Günü ilə bağlı QHT.az-a açıqlama verən "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov bu günün xeyirxahlığın və humanizmin təbliği baxımından böyük əhəmiyyət daşıdığını bildirib. O, xeyirxahlığın cəmiyyətə müsbət təsir göstərdiyini və insanların həyatında mühüm dəyişikliklər yaratdığını vurğulayıb:

"Xeyriyyəçilik çox xeyirxah bir işdir və cəmiyyətdə mühüm rol oynayır. Yardıma ehtiyacı olan insanlara dəstək olmaq onların həyatında müsbət dəyişikliklərə səbəb olur. Elə insanlar var ki, onların mütləq yardıma ehtiyacı var. Biz insanlara bir dəfə, iki dəfə dəstək veririk ki, onlar ayağa qalxsınlar, öz yollarını tapsınlar. Daha sonra onların da başqalarına kömək etməsi vacibdir. Xüsusilə aztəminatlı ailələrə, xəstələrə və ümidi kəsilmiş insanlara yardım göstərmək lazımdır. Məsələn, universitetdə oxuyan bir tələbənin müəyyən çətinliklərdən sonra təhsilini davam etdirməsi üçün ona dəstək ola bilərik. Bu praktikamızda olub", - deyə Akif Kərimov qeyd edib.

O, xeyriyyəçiliyin cəmiyyətə təsirindən danışaraq, insanların rifahına yönələn bu fəaliyyətin həm maddi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib:

"Bizim cəmiyyət 1993-cü ildən fəaliyyət göstərir və bu günə qədər 100 mindən artıq üzvümüz var. Yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də fəaliyyət göstəririk. Türkiyədə baş verən zəlzələdən sonra maddi dəstək göstərmişik, xaricdə yaşayan azərbaycanlı tələbələrə yardım etmişik. Onlar bizim cəmiyyətə həvəslə qoşulurlar və aktiv iştirak edirlər. Hətta Çin Universitetinin kafedra müdiri də cəmiyyətimizin fəal üzvlərindəndir" - deyə Akif Kərimov vurğulayıb.

O, xeyriyyə fəaliyyətinin daha geniş vüsət alması üçün hüquqi mexanizmlərin gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib:

"Dünyanın bir çox ölkələrində xeyriyyə cəmiyyətlərinin fəaliyyəti vergilərdən azad edilir və müxtəlif güzəştlər tətbiq olunur. Bizdə isə bu tam şəkildə həyata keçirilmir. Milli Məclisdə məsələ qaldırılıb, lakin tam həllini tapmayıb. Xeyriyyəçilik təmənnasız bir fəaliyyətdir və bu işə daha çox insanın qoşulması üçün dəstək mexanizmləri yaradılmalıdır", - deyə o əlavə edib.

Qeyd edək ki, "Kür-Xəzər" Xeyriyyə İctimai Birliyi müxtəlif sosial layihələr həyata keçirməklə yanaşı, məscidlərin tikintisinə və infrastruktur layihələrinə də dəstək verib.

 

 

Pərvanə Fərhadqızı

QHT.az