Bütün rayon və şəhərlər üzrə ümumi təhsil müəssisələrində tədris prosesi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust  tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən təşkil olunur. Belə ki, məhz vahid məzmun və yanaşma ilə bütün təhsilalanlar təlim-tərbiyə prosesinə cəlb olunurlar.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən QHT.az-a verilən məlumata görə, ölkə üzrə müxtəlif təhsil səviyyələrində təhsilin keyfiyyətinin artırılması məqsədilə IV və VI siniflərdə müvafiq fənlər üzrə monitorinqlər təşkil olunur. Müvafiq innovativ layihələr (STEAM, “Rəqəmsal bacarıqlar” və s.) təkcə paytaxt və digər iri şəhərlərdə (rayonlarda) deyil, ölkə üzrə bütün regionlarda tətbiq olunur.

Əlavə olaraq, nazirlik tərəfindən daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə şagird kontingenti az olan, ucqarlarda yerləşən, həmçinin pedaqoji kadrlara ehtiyacının ödənməsində problemlər yaşanan məktəblərin rasionallaşdırılması tədbirləri də həyata keçirilir. Bu zaman şagirdlərin daşınması və müəllimlərin işlə təmin olunması və yerləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.

 

 

Pərvanə Fərhadqızı

QHT.az