TƏBİB-in fəaliyyəti
TƏBİB - “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurumdur. Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq, müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək və əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə Prezidentin 20 dekabr 2018-ci il 418 nömrəli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanına əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) yaradılıb. TƏBİB-in vizyonu əhalini keyfiyyətli, innovativ və əlçatan tibbi xidmətlərlə əhatə etmək, misyonu isə tibbi fəaliyyəti optimallaşdırmaqla etibarlı və keyfiyyətli tibbi xidməti əlçatan etməkdən ibarətdir.
Tibbi xidmətdə yeniliklər
TƏBİB İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova QHT.az-a bildirib ki, həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 tibb müəssisəsinin laboratoriyaları tamamilə yenilənib: “Layihə çərçivəsində ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan və daxil olmayan 1500-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilərlər. Tibb müəssisələrindəki laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib, Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb. Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib”.
Departamentin rəhbərinin sözlərinə görə, hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışmaqdadır, onlardan 53 389 nəfəri tibb heyətidir. 2023-cü ilin fevralında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının invaziv kardiologiya, ürək-damar cərrahiyyəsi şöbələri və oktyabrında isə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində Şirvan Ürək Mərkəzinin açıldığını və bu gün fəaliyyətlərini uğurla davam etdirdiyini bildirən Zamirə Ədilova Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəzin də yaradıldığını qeyd edib: “TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bir mərkəzdə - “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” publik hüquqi şəxsin qismində birləşdirilib. Mərkəzin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin “vahid pəncərə” sistemi şəklində qurulması olub. 2022-ci il ərzində Vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə Mərkəzi Referens Laboratoriya, Vərəm Əleyhinə Xəstəxana, Lənkəran Vərəm Əleyhinə Xəstəxana müasir laboratoriya avadanlığı ilə təchiz ediliblər”.
Azərbaycan 2020-ci ildə bütün dünyanı cənginə alan COVID-19 pandemiyasına qarşı mübarizədə mütərəqqi qabaqlayıcı tədbirlər nəticəsində ən yaxşı göstəricilərlə beynəlxalq miqyasda nümunəvi ölkələr sırasına yer alıb. Pasiyentlərin stasionar müalicəsi məqsədilə 33 tibb müəssisəsi ayrılıb və ümumi xəstələrin 90%-nin müalicəsi TƏBİB-in tabeli tibb müəssisələrdə həyata keçirilib. COVID-19 testlərinin vaxtlı-vaxtında aparılması və zəruri həcmdə keçirilməsi imkanının yaradılması üçün ölkədə qısa müddət ərzində müvafiq laboratoriyaların sayı 15-dən 56-ya çatdırılıb. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əlavə 940 süni tənəffüs və 10 EKMO aparatları tədarük edilib.
18 yanvar 2021-ci il tarixindən etibarən ölkədə COVID-19 əleyhinə vaksinasiya prosesi başlanan 333 məntəqədə vaksinasiya işi təşkil edilib. Ümumilikdə ölkə üzrə vurulan vaksin sayı 13,9 milyon, vaksinasiya prosesində iştirak edən şəxslərin ümumi sayı isə 5,3 milyon nəfər olub. COVID-19 pandemiyası ilə bağlı olaraq tibb müəssisələrinə bu günədək 572,7 milyon manatlıq tibbi avadanlıq, tibbi sərf, vaksin və dərman vasitələri alınaraq təhvil verilib. Həmçinin səhiyyə işçilərinin həyat şəraitinin və xidmət keyfiyyətinin yaxılaşdırılması məqsədilə COVID xəstələrinə xidmət edən həkimlərin əməkhaqqıları 3-5 misli qədər artırılıb.
Vətəndaş məmnuniyyəti
TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaratmış və tibb müəssisələrinin fəaliyyətini İcbari Tibbi Sığorta sisteminin tələblərinə uyğunlaşdırmışdır. "İcbari Tibbi Sığorta” üzrə xidmətlər zərfinə daxil olan xidmətlərdən biri də Koronar angioqrafia (el arasında Anju kimi tanınır) ürək damar xəstəliklərinin diaqnostikasında istifadə edilən bir müayinə metodudur. TƏBİB tabeli müəssisələrində tibbi xidmət alan vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə 22 dekabr 2023-cü il tarixinədək davam edən sorğu keçirir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamına əsasən, yaşayış məntəqələrində əlçatan və keyfiyyətli tibb xidmətləri infrastrukturunun qurulması fəaliyyət istiqamətlərimizdən biridir. Belə ki, Zəngilan rayonunun Ağalı kəndində və Xocavənd rayonunun Hadrut qəsəbəsində ailə sağlamlıq mərkəzlərinin fəaliyyətinin təşkili əsas icraçı qurum kimi TƏBİB-ə tapşırılıb və icra edilib. Nəticədə Ailə sağlamlıq mərkəzlərinin fəaliyyəti təşkil edilib, zəruri tibbi avadanlıqlarla təmin edilib və tibb personalı cəlb olunub.
Sağlam gələcək
Prezident İlham Əliyevin sözlərini xatırlayaq: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sağlam millət, sağlam cəmiyyət, əlbəttə ki, hər bir ölkənin inkişafı üçün çox vacibdir”. Azərbaycan hökuməti, vətəndaşların sağlamlığını və tibbi sahədə məmuniyyətini təmin etmək üçün müxtəlif layihələr və proqramlar həyata keçirir. Bu, tibbi xidmətlərin əlçatan həmlərlə əldə edilə bilən olmasını əhatə edir. TƏBİB-in fəaliyyəti, sağlam gələcəyin qurulmasında kritik rol oynayır. Vətəndaşların sağlamlığına vəziyyət verən və onları təhlükəsiz saxlayan bir tibbi sistem, ölkə üçün uzunmüddətli bir sürət və inkişaf təmin edir. Bu, ölkənin gələcəkdə daha sağlam, müstəqil və yaşanılır bir cəmiyyət formalaşdırmağa nail olmağa kömək edir.
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbulunun cəmiyyət üçün nə qədər vacib olduğunu və sağlam cəmiyyət üçün sağlam nəslin yetişdirilməsində yalnız müsbət rol oynayacağına hər kəsin israrlı olduğunu qeyd edir: “Qanun mövcud olduğu halda reproduktiv sağlamlığı əhatə edən bütün sahələrin müntəzəm nəzarət altında fəaliyyət göstərəcəyi mümkün olacaqdır. “Reproduktiv sağlamlıq haqqında” qanun qəbul edilməsi bir çox problemləri həll edəcəkdir:
- Yeniyetmələrin cinsəl maarifləndirilməsi qanunla nəzərdə tutulacaqdır;
- Erkən və qohum nikahlar qanunla qadağan ediləcəkdir;
- Selektiv abortların qarşısını almaq üçün bununla bağlı müəyyən maddənin olması “qızlara qarşı ana bətnində soyqırıma” son qoyacaqdır;
- USM mütəxəssislərinin məlumatlandırılaraq cinslərin müəyyən edilməsinə məhdudiyyət qoyulmasına nail olunacaqdır;
- Ailə planlaşdırma mərkəzləri yaradılaraq gənclər məlumatlanacaqlar;
- Davamlı maarifləndirmə işlərinin aparılması üçün aidiyyatlı qurumlar arasında koordinasiya olacaqdır”.
Təmiz Dünya Qadınlara Yardım Ictimai Birliyin sədri Mehriban Zeynalova qeyd edib ki, sağlam gələcək üçün mütləq şəkildə insanların doğru, dürüst məlumatlanması lazımdır: “Əgər hansısa millətin sağlamlığı ilə bağlı problem yaşanırsa, yalnış stereotiplər formalaşırsa qanuna sığınmalıdır. Müəyyən nəzarət mexanizmləri, xidmət paketləri olmalıdır. Sağlam gələcək qurmaq üçün sağlam olmaq lazımdır. Reproduktiv Sağlamlıq Mərkəzləri mütləq şəkildə dəstəklənsin. Cəmiyyətdə reproduktiv sağlamlığı artırmaq üçün müəyyən işlər görülür, ayrı-ayrı sənədlərdə öz əksini tapır, amma ümumilikdə qanun olmadığına görə, kompleks şəklində reproduktiv sağlamlıq haqqında fəaliyyətləri koordinasiya etmək, qarşıya qoyulan vəzifələri yerinə yetirmək olmur. Mütləq şəkildə qanun olmalıdır. Qanun olmayınca fəaliyyətlərin icrası müəyyən mənada pərakəndə olacaq, ayrı-ayrı səbəblərdə öz əksini tapsa belə fəaliyyətləri ortaya qoyan hesabatları və yaxud boşluqları aşkarlamaq olmur.
Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva qeyd edib ki, sağlam gələcək üçün cəmiyyətdə reprouktiv sağlamlıq haqqında maarifləndirmə işləri aparmaq lazımdır. Yaxşı olar ki, milli adət ənənələrimiz təbliğ olunsun, reproduktiv sağlamlıq haqqında geniş məlumat verilsin, layihə götürmüş QHT-lər daimi olaraq bu mövzunu əlavə edib, regionlarda çıxış etsinlər. Məqsədimiz sağlam ailələrimiz olsun, sağlam övladlar yetişsin. Yazı, çıxış, təlim, seminar, sosila şəbəkələr, sosial verlişlərdə təbliğat güclü getməlidir. Erkən cinsi əlaqənin mənfi təsirləri, İİV virusu, Spidə yoluxma haqqında geniş məlumat vermək lazımdır. Orqanizmin inkişafı 25 yaşa kimi gedir, başa çatır. Ailə quranda 19 yaşından tez ailə qurulmamalıdır! Çünki o yaşa qədər hələ cinsi orqanların inkişafı gedir”.
QHT sədri gənclərimizin maariflənməyə meyilli olduğunu da vurğulayır. Onun sözlərinə görə, biz hansı mövqedən çıxış etsək, o mövqeni də onlar qəbul edəcək: “Vicdanımız qarşısında məsuliyyət hissi edək. Azərbaycanımızın çiçəklənməsi üçün əl -ələ verib təbliğat aparaq. Cinslər arasında qarşılıqlı münasibət özünə və başqasına hörmət etməyi, qiymət verməyi, ictimai dəyərlərə, milli hislərə hörməti nəzərdə tutur. Hər kəs reproduktiv sağlamlığı təmin edən kompleks rifah haqqında hüququna malikdirlər. İnsanın firavanlığı onun mənəvi, sosial, intelektual, fikziki rifah halını yüksəldir”.
Pərvanə Fərhadqızı
QHT.az
Qeyd edək ki, bu yazı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir.












