Bu gün Gəncliyə Yardım Fondunun ev sahibliyi ilə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı beynəlxalq konfrans keçirilir.
QHT.az xəbər verir ki, konfransda Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan və Özbəkistandan xüsusi qonaqlar, Türk dövlətlərinin Azərbaycandakı diplomatik korpuslarının və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin deputatları, media və QHT rəhbərləri iştirak edirlər.
Konfransın açılış nitqi ilə çıxış edən publisist, şair Əkbər Qoşalı iştirakçıları salamlayaraq, onları 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Günü münasibətilə təbrik edib.
O bildirib ki, bu əlamətdar gündə Türk dünyası haqqında fikir mübadiləsi aparmaq, qonaqların dəyərli düşüncələrini dinləmək və ortaq hədəfləri müzakirə etmək xüsusi əhəmiyyət daşıyır.
Əkbər Qoşalı konfransın, xüsusilə gənclər üçün əhəmiyyətini vurğulayaraq, tədbirdə səsləndiriləcək fikirlərin və müzakirələrin gələcəkdə sosial media platformaları vasitəsilə daha geniş auditoriyaya çatdırılacağını qeyd edib.
Çıxışında CASCFEN-in fəaliyyətinə də toxunan natiq təşkilatın Türk dünyasının böyük bir hissəsini əhatə edən fəaliyyət coğrafiyasına malik olduğunu, əhatə edə bilmədiyi bölgələrlə isə mənəvi bağlarının mövcudluğunu diqqətə çatdırıb.
O, konfrans çərçivəsində gənclərin hazırladıqları rəsm əsərləri və əl işlərinin nümayiş etdirilməsini də xüsusi qeyd edib. Bildirib ki, gənclər Şuşa Bəyannaməsi və Türk dünyası ilə bağlı duyğu və düşüncələrini öz yaradıcılıqları vasitəsilə ifadə edərək gələcək nəsillərə ünvanlayıblar.
Açılış nitqinin sonunda Əkbər Qoşalı tədbirin proqramına uyğun olaraq Azərbaycan və Türkiyənin, eləcə də digər türk ölkə və topluluqlarının dövlət xadimlərinin və şəhidlərinin, o cümlədən 44 günlük Vətən müharibəsində canlarından keçmiş Azərbaycan şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfrans çərçivəsində Şuşa Bəyannaməsinin əhəmiyyəti, Türk dövlətləri arasında əməkdaşlığın inkişafı və Türk Dövlətləri Təşkilatının fəaliyyəti ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.












