Gəncliyə Yardım Fondunun ev sahibliyində, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı beynəlxalq konfrans keçirilir.
QHT.az xəbər verir ki, konfransda çıxış edən CASCFEN sədri Nadir Azəri Türk dünyasının gələcəyinə inamını ifadə edərək, təşkilatın bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib.
O, tədbirdə iştirak edən qonaqları salamlayaraq, Şimali Kipr Türk Cəmiyyətindən, Türkiyədən, Özbəkistandan gələn nümayəndələrə, eləcə də Qazaxıstanın Azərbaycandakı nümayəndəsinə təşəkkürünü bildirib.
CASCFEN sədri qeyd edib ki, təşkilat Türk dünyasına xidmət istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək. O, layihənin reallaşmasına göstərdiyi dəstəyə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını ifadə edib.
Nadir Azəri çıxışında konfransda iştirak edən uşaqların Türk dünyasının gələcəyində mühüm rol oynayacağını vurğulayıb. O, şeir müsabiqəsində iştirak edən uşaqlara, onların valideynlərinə və müəllimlərinə təşəkkür edərək, tədbirin sonunda qaliblərin mükafatlandırılacağını bildirib.
“Bu gün bir daha əmin oldum ki, Türk dünyasının gələcəyi var, gücü var və biz mütləq qızıl almaya çatacağıq!” – deyə CASCFEN sədri vurğulayıb.
Çıxışında 3 Oktyabr – Türk Dövlətləri Əməkdaşlıq Gününün tarixi əhəmiyyətinə də toxunan Nadir Azəri 2019-cu il oktyabrın 3-də Soçidə Prezident İlham Əliyevin Ermənistanın baş nazirinin fikirlərinə cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatını xatırladıb.
O bildirib ki, bir il sonra Azərbaycanın bu mövqeyi yalnız bəyanatla deyil, əməli addımlarla da təsdiqini tapıb.
Sonda şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa və can sağlığı diləyən Nadir Azəri qalib Azərbaycan vətəndaşı olmaq xoşbəxtliyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.












