"Qadın və Müasir Dünya" Sosial Xeyriyyə Mərkəzinin sədri Südabə Şirəliyeva qadınlara qarşı zorakılığın qarşısının alınması və bu məsələdə ictimai dəstəyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

QHT.az xəbər verir ki, Südabə Şirəliyevanın sözlərinə görə, dünyada hər 10 dəqiqədə bir qadının zorakılıq qurbanı olması faktı hər birimizi bu problemin həllinə töhfə verməyə çağırır. “Bu, təkcə qadınların deyil, ümumilikdə cəmiyyətimizin problemidir. Hər birimiz zorakılığın qarşısını almaq üçün maarifləndirmə işlərində iştirak etməli, zorakılığın baş verməməsi üçün profilaktik tədbirlər görməliyik. Qadınların hüquqlarını müdafiə etmək insan hüquqlarını qorumağın ayrılmaz hissəsidir,” - deyə o bildirib.

O həmçinin qeyd edib ki, zorakılığın qarşısının alınması üçün ailədən başlayaraq bütün səviyyələrdə tərbiyə və təhsil mühüm rol oynayır. Südabə xanım beynəlxalq miqyasda həyata keçirilən 16 günlük aktiv fəaliyyət kampaniyasını dəstəklədiyini və bu təşəbbüsün cəmiyyətdə qadın hüquqlarına olan münasibəti dəyişmək üçün önəmli bir vasitə olduğunu bildirib.

“Biz qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində bütün cəmiyyəti birgə fəaliyyətə səsləyirik. Bu, yalnız qadınlara deyil, gələcək nəsillərimizə də daha təhlükəsiz və ədalətli bir dünya yaratmaq üçün atılan mühüm bir addımdır,” - deyə Südabə Şirəliyeva vurğulayıb.

O, həmçinin dövlət qurumlarını, vətəndaş cəmiyyəti təşkilatlarını və fərdi şəxsləri qadın hüquqlarının qorunması və zorakılığın qarşısının alınması üçün birgə işləməyə çağırıb.

 

 

Pərvanə Fərhadqızı

QHT.az