20 fevral – Dünya Sosial Ədalət Günü münasibətilə Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Çingizqızı QHT.az-a açıqlama verib.

O bildirib ki, bu gün bərabər imkanların təmin edilməsinin vacibliyini bir daha xatırladır və cəmiyyətin bütün üzvləri, o cümlədən eşitmə və nitq məhdudiyyətli şəxslər üçün daha inklüziv mühitin yaradılmasına ehtiyac var:

"Bu şəxslərin təhsil, məşğulluq və sosial xidmətlərə bərabər çıxışı təmin olunmalıdır. İşarət dili tədrisinin genişləndirilməsi, dövlət və özəl sektorda inklüziv mühitin yaradılması, mədəni və ictimai tədbirlərin surdo-tərcümə ilə əlçatan edilməsi əsas məsələlərdəndir. Texnologiyaların inkişafı ilə ünsiyyət maneələrini azaltmaq, qanunvericilikdə uyğun dəyişikliklər aparmaq da vacib addımlardandır". 

O əlavə edib ki, sosial ədalət təkcə hüquqların tanınması deyil, həm də real imkanların yaradılması deməkdir: "Hər kəsi eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə daha aktiv inteqrasiyasına dəstək verməyə çağırırıq!"

 

Pərvanə Fərhadqızı

QHT.az