Siqaretin immunitet sisteminə uzunmüddətli təsiri var. Fransız alimləri insanların siqareti tərgitməsindən illər keçsə də, tütünün orqanizmin immun müdafiəsinə təsirinin qaldığını aşkar etdikdən sonra belə qənaətə gəliblər. 

QHT.az xəbər verir ki, tədqiqatçılar orqanizmin xarici təhlükələrdən necə qorunmasında yaş, cins və genetikdən başqa hansı amillərin rol oynadığını öyrənməyə çalışıblar. Onlar 1000 sağlam insanın qan nümunələrini virus və bakteriyalara məruz qoyub və bədən kütləsi indeksi, siqaret çəkmə, yuxu, idman və digər amillər daxil olmaqla 136 dəyişəni nəzərə alaraq onların immun reaksiyasına nəzarət ediblər.

Siqaret çəkən insanlarda bakteriyalar tərəfindən stimullaşdırıldıqda iltihablı reaksiya artıb, onlar siqareti tərgitdikcə yox olub, lakin siqaretin xəstəliklərdən qorunmağa kömək edən T hüceyrələrinin reaksiyasına təsirləri siqareti buraxdıqdan sonra da illərlə davam edib.

Tədqiqatçıların fikrincə, siqaret gen ifadəsinə təsir edərək immunitet sistemində uzunmüddətli dəyişikliklərə səbəb olur.

 

Pərvanə Fərhadqızı