Masallıda Zəfər Günü ərəfəsində ehsan süfrəsi təşkil edilib.

Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü ilə açılan ehsan süfrəsində şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları, Masallı RİH başçısı, millət vəkilləri, rayon sakinləri iştirak edib.
500 nəfəri əhatə edən ehsan süfrəsi Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.

Rayon İcra hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri - Məşhur Məmmədov, professor Anar İsgəndərov, AMEA-nın müxbir üzvü Musa Qasımlı 44 günlük Vətən Müharibəsində dövlət-xalq-ordu birliyindən, şəhidlərin qanını yerdə qoymayan Ali Baş Komandan və Müzəffər Ordumuzun uğurlarından, şəhid-qazi ailələrinə göstərilən dövlət dəstəyindən söz açıb, qəhrəman Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Zəfər tariximizdən danışan natiqlər qeyd ediblər ki, tədbirin keçiriməsində məqsəd şəhid ailələrini mütəmadi olaraq diqqət mərkəzində saxlamaq, onlara lazımi qayğı göstərməkdir.

Şəhid ailələrinin üzvləri tədbirin təşkilatçılarına minnətdarlıq bildiriblər.

 

Akif Ağayev