Samsung-un gələcək Galaxy S27 seriyasına yeni model əlavə etməklə qiymət artımını daha az nəzərəçarpan etməyə çalışdığı iddia olunur. Şirkətin yeni Galaxy S27 Pro modelini təqdim edəcəyi və cihazın təxminən 1 399 dollara satışa çıxarılacağı gözlənilir.

QHT.az xarici mediaya istinadən bildirir ki,  məlumata görə, bir neçə ay sonra təqdim olunması gözlənilən Galaxy S27 ailəsi dörd modeldən ibarət olacaq: Galaxy S27, Galaxy S27+, Galaxy S27 Pro və Galaxy S27 Ultra.

Yeni Pro modelin Galaxy S26 Ultra-nın bəzi xüsusiyyətlərini qoruyaraq daha məhdud imkanlarla təqdim ediləcəyi ehtimal olunur. Bununla Samsung həm məhsul çeşidini genişləndirə, həm də daha yüksək qiymət kateqoriyasında yeni seçim yarada bilər.

İddialara əsasən, şirkətin bu addımının əsas səbəblərindən biri yaddaş çiplərinin bahalaşması və istehsal xərclərinin artmasıdır.

Belə ki, Samsung standart Galaxy S27 modelinin başlanğıc qiymətini əvvəlki nəsillə eyni saxlaya, Pro versiyanı isə Galaxy S26 Ultra-nın hazırkı qiymətinə yaxın məbləğə satışa çıxara bilər. Galaxy S27 Ultra-nın isə daha baha olması gözlənilir.

Bununla belə, standart modelin qiymətinin dəyişməyəcəyi hələ dəqiq deyil. Şirkətin ABŞ kimi əsas bazarlarda qiymətləri sabit saxlayaraq digər regionlarda artıma gedə biləcəyi də istisna edilmir.

Qeyd edək ki, Galaxy S27 seriyası ilə bağlı bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.