Kətan toxumu tərkibindəki faydalı maddələrlə sağlam qidalanmanın vacib hissəsinə çevrilə bilər. Lif, bitki mənşəli omeqa-3 yağ turşuları və antioksidant xüsusiyyətli liqnanlarla zəngin olan bu qida ürək sağlamlığını dəstəkləməyə, xolesterinin səviyyəsini azaltmağa və həzm sisteminin fəaliyyətini yaxşılaşdırmağa kömək edə bilər.
QHT.az xarici mediaya istinadən bildirir ki, BBC Türkçenin məlumatına görə, dietoloq Bini Suresh kətan toxumunun sağlamlıq üçün əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, kətan toxumu xüsusilə üç mühüm qida komponenti ilə seçilir.
Bunlardan birincisi lifdir. Lif bağırsaqların fəaliyyətini tənzimləyir, həzmi yaxşılaşdırır və qəbizliyin aradan qaldırılmasına kömək edir.
İkinci vacib komponent bitki mənşəli omeqa-3 yağ turşusu olan ALA-dır. Bu maddə ürək-damar sağlamlığının qorunmasında mühüm rol oynayır.
Üçüncü komponent isə liqnanlardır. Bitkilərdə təbii şəkildə mövcud olan bu birləşmələr antioksidant və fitoestrogen xüsusiyyətləri ilə tanınır.
Dietoloq qeyd edir ki, insanların böyük əksəriyyəti gündəlik qidalanmasında kifayət qədər lif qəbul etmir. Bu baxımdan kətan toxumu rasiona əlavə edilə biləcək faydalı qidalardan biridir.
Araşdırmalar göstərir ki, xüsusilə üyüdülmüş və bütöv kətan toxumunun müntəzəm istehlakı bəzi insanlarda LDL, yəni "pis" xolesterinin səviyyəsini aşağı sala bilər. Bu təsir kətan toxumu yağının istifadəsi ilə müqayisədə daha nəzərəçarpan ola bilər.
Mütəxəssislər bildirirlər ki, kətan toxumu faydalı qida olsa da, onun təsiri möcüzəvi deyil. Ürək sağlamlığını qorumaq üçün balanslı qidalanma və sağlam həyat tərzi də mühüm əhəmiyyət daşıyır.







