Apple-ın hazırladığı HomeView Ultra adlı ağıllı ev robotunun təqdimatı təxirə salına bilər. Məlumata görə, cihazın satışa çıxarılması 2027-ci ildən tez gözlənilmir, hətta təqdimat tarixi 2028-ci ilə qədər uzana bilər.
“The Information” nəşrinin məlumatına əsasən, gecikmənin əsas səbəbi cihazın texniki imkanları deyil, proqram təminatının hələ tam hazır olmamasıdır. Bildirilir ki, robotun aparat təminatı təxminən iki il əvvəl hazır olsa da, Apple istifadəçilərə yarımçıq məhsul təqdim etmək istəmir.
QHT.az xarici mediaya istinadən bildirir ki, iddialara görə, proqram təminatı komandası cihazın bəzi funksiyalarının ixtisar edilməsini təklif edib. Məqsəd robotun daha az sayda, lakin etibarlı funksiyanı yerinə yetirməsini təmin etməkdir. Bu funksiyalar arasında FaceTime videozəngləri və ağıllı ev sistemlərinin idarə olunması xüsusi yer tutur. Məsələn, istifadəçilər robot vasitəsilə evdəki işıqları yandıra biləcəklər.
Cihazın daxili kod adı J595-dir. Onun HomeView Ultra adı ilə satışa çıxarılacağı ehtimal olunur.
Qiymətinin isə təxminən 1000 dollar olacağı gözlənilir. Lakin yaddaş və digər komponentlərin bahalaşması səbəbindən son qiymətin daha yüksək olması da mümkündür.
Dizayn baxımından robotun üzərində hərəkət edə bilən mexaniki qola birləşdirilmiş 9 düymlük ekranın yerləşdiriləcəyi bildirilir. Kameralar və sensorlarla təchiz olunacaq cihaz FaceTime zəngi zamanı istifadəçini otaq boyunca izləyə biləcək.







