Qanunvericiliyə əsasən bir sıra xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müraciət zamanı müalicə müddətinin olması tələb edilmir.

Bu xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, autizm və bir çox hematoloji xəstəliklər və s. daxildir.

Həmin xəstəliklər səbəbindən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər müalicə müddəti gözlənilmədən rəsmiləşdirilir və qiymətləndirmə aparılır.

Son illər əlillik sahəsində ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müalicə müddəti tələb olunmayan xəstəliklərin sayı da 14,6 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb.

Əlilliyin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş tibb müəssisələri tərəfindən elektron qaydada rəsmiləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əlillik” altsisteminə daxil edilmiş göndəriş adsızlaşdırılır və göndərişin aid olduğu şəxsin kimliyi, haradan göndəriş daxil olduğu və s. bilinmədən göndərişdəki diaqnoz əsasında şəffaf və obyektiv qərar qəbul olunur.