İnsultun yalnız yaşlı insanlarda baş verdiyi düşüncəsi yanlışdır. Mütəxəssislər bildirirlər ki, gənclər də bu təhlükəli xəstəlikdən sığortalanmayıb. Dünya üzrə hər il təxminən 12 milyon yeni insult hadisəsi qeydə alınır.

Türkiyəli nevroloq professor Özlem Kayım Yıldızın sözlərinə görə, 25 yaşdan yuxarı hər 4 nəfərdən biri həyatı boyu insult keçirmək riski ilə üz-üzədir.

QHT.az xarici mediaya istinadən bildirir ki, həkim qeyd edib ki, insult zamanı üzün bir tərəfində əyrilik, qol və ya ayaqda qəfil gücsüzlük, nitqin pozulması, görmə itkisi, tarazlıq problemləri və səbəbsiz şiddətli baş ağrısı müşahidə oluna bilər.

Mütəxəssis vurğulayıb ki, bu əlamətlər qəfil ortaya çıxır. Hətta qısa müddət sonra öz-özünə aradan qalxması belə təhlükənin sovuşduğu anlamına gəlmir.

Bildirilib ki, insult zamanı vaxtında tibbi müdaxilə qalıcı zədələnmə riskini azaltmaq baxımından həyati əhəmiyyət daşıyır. Buna görə də ilk əlamətlər müşahidə olunan kimi təcili tibbi yardıma müraciət etmək vacibdir.

Həkimlər damar sağlamlığını qorumaq, qan təzyiqini nəzarətdə saxlamaq və sağlam həyat tərzinə üstünlük verməklə insult riskini azaltmağın mümkün olduğunu bildirirlər.