Mayın 26-da Rusiyanın Dövlət Dumasında xaricdə yaşayan hökumət tənqidçilərinə qarşı yeni qanun layihəsinə baxılacaq.

QHT.az xarici mediaya istinadən bildirir ki, layihəyə əsasən “ordunu nüfuzdan salmaq”, “xarici agent” qanunlarını pozmaq, sanksiyalara çağırış etmək və dövlətə qarşı “hörmətsizlik” kimi ittihamlarla günahlandırılan şəxslərə ciddi məhdudiyyətlər tətbiq olunacaq.

Yeni qanun qəbul edilərsə, xaricdə yaşayan rusiyalılar konsulluq xidmətlərindən, pasport yenilənməsindən və notariat xidmətlərindən məhrum edilə bilər. Həmçinin onların dövlət xidmətlərinə çıxışı bağlanacaq, bank hesabları və əmlakları dondurulacaq.

Müstəqil media bu layihəni “vətəndaş ölümü qanunu” adlandırır. Rusiya rəsmiləri isə bildirirlər ki, məqsəd xaricdə “anti-Rusiya fəaliyyəti” aparan şəxslərə qarşı tədbirləri sərtləşdirməkdir.