"Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək" İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a verdiyi açıqlamada Rusiya ilə Azərbaycan arasındakı münasibətləri dəyərləndirib. Onun sözlərinə görə, iki ölkə arasındakı siyasi əlaqələr rəsmi səviyyədə davam etsə də, rəsmi Moskvanın təsiri altında olan müəyyən qüvvələr Azərbaycana qarşı xüsusi kampaniyalar aparır.

Nuriyeva bildirib ki, aqrar sahədə Azərbaycan məhsulları Rusiya bazarını əhəmiyyətli dərəcədə təmin edir. Bununla yanaşı, Azərbaycanın dünya bazarlarına inteqrasiyası alternativ bazarlara çıxış imkanlarını da təmin edir və bu istiqamətdə davamlı işlər aparılır.

“Azərbaycan enerji və logistika sahələrində Rusiya üçün vacib tərəfdaşdır. Əgər Rusiya Azərbaycanla münasibətləri korlasa, bu, onun bölgədəki nüfuzunun itirilməsi ilə nəticələnə bilər. Çünki Rusiya artıq hər tərəfdən sanksiyalarla əhatələnib,” – deyə o vurğulayıb.

QHT sədri, eyni zamanda, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının vacibliyini qeyd edərək, bu məsələlərin diqqətdə saxlanıldığını bildirib.

 

Pərvanə Fərhadqızı