Ötən günlərdə Ədliyyə Nazirliyinin Probasiya xidməti ilə “Azəralüminium” MMC arasında görüş keçirilib, probasiya nəzarətində olan şəxslərin peşə hazırlığı və məşğulluq imkanları müzakirə olunub. Probasiya nəzarətində olan şəxslərin işlə təmin olunması həm onların cəmiyyətdə reinteqrasiyasına, həm də ümumi sosial mühitin stabilləşməsinə təsir göstərə bilər. Bununla yanaşı, məşğulluq imkanlarının artırılması kriminal risklərin azaldılmasına və icra sisteminin daha səmərəli işləməsinə imkan yarada bilər.
Bakı İnkişaf Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a olan açıqlamasında bildirib ki, təşkilat uzun müddət Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə, sonradan isə Probasiya xidməti ilə sıx əməkdaşlıq edib və onların fəaliyyətini daim diqqətdə saxlayıb.
R.Zeyninin sözlərinə görə, “Probasiya xidməti təşkil olunanda onun açılış mərasimində və elektron nəzarət mərkəzində təqdimat zamanı iştirak etmişik. Xidmətlər yüksək səviyyədə qurulub və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərir".
Sədr vurğulayıb ki, Azeraluminium ilə Probasiya xidmətinin görüşü təqdirə layiqdir, çünki belə sahibkarlıq subyektləri ilə əməkdaşlıq xidmətin inkişafına və məhkumların işlə təmin olunmasına mühüm töhfə verə bilər.
Rauf Zeyni bildirib ki, “İnsanların işlə təmin olunması onların sosial təminatının güclənməsi və həyatlarını lazımi səviyyədə qurmaqları deməkdir. Bu əməkdaşlıq cəmiyyət üçün yalnız müsbət təsir göstərəcək”.
Sədr əlavə edib ki, bundan sonra da Probasiya xidməti, Penitensiar xidmət və digər dövlət qurumları özəl sektor və ictimai təşkilatlarla sıx əməkdaşlıq etməli, bir-birinə dəstək verərək ölkənin inkişafına töhfə verməlidirlər.
Fatimə Nəbiyeva






